CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün Azərbaycanda tanınan "Setka Vəli" – bir ömrün sənəti

Ağstafa rayonu Qırılı kənd sakini Vəli Məsiyev rayonda ilk dəfə məftil tor toxuyan dəzgah hazırlayaraq kustar üsulla onun istehsalı ilə məşğul olub. Onun buna necə nail olduğunu isə videomuzda izləyin.
Sputnik

Ağstafa rayon sakini həyatının 50 ilini məhz bu sənətə həsr edib. O, bu dəzgahda torun hazırlanma qaydasını 1967-ci ildə Rusiyada görüb və onun əsas hissəsini vətənə gətirərək özü də bu işlə məşğul olmağa başlayıb.

Əsrə yaxın yaşı olan sənətkar: işləməyəndə xəstələnir

Usta deyib ki, onun emalatxanasına digər rayonlardan gələn müştərilər o qədər çox olurdu ki, aylarla növbə gözləməli olurdular.

“Gədəbəydən, Zaqataladan, hətta Cəlilabaddan da gələn olurdu. Sonra dost-tanışa da “setka”nın hazırlanma qaydasını göstərdim. Yavaş-yavaş tor toxuyanlar çoxaldı”, - deyə Məsiyev danışıb.

Uzun illərdir bu sənətlə məşğul olduğuna görə xalq onu “Setka Vəli” çağırmağa başlayıb.

“Düzdür, əvvəl bir az incisəm də, sonradan qəbul etdim. İndi hamı məni elə tanıyır, elə çağırır. Bu sənəti elimizə gətirdim. İndi tək bizim kənddə işləyən 3 sex var”, - deyə usta bizimlə paylaşıb.

Əvvəllər müştərilərin çoxluğuna görə sübhdən gecəyə qədər işləməyə vərdiş edən usta indi özü boş dura bilmir. O, gün ərzində 15-20 metr tor toxuyur. Bəlkə, yenə lazım oldu.