BAKI, 26 aprel — Sputnik. Yalnız məntiq, elm, ağıl və texnikadan ibarət bir dünya düşünmüsünüzmü?
Maks Friş məhz bu səhvlərdən yazır.
Bəs Maks Friş kimdir?
Bacarıqlı memar, səyahəti sevən yazıçı-dramaturq
Müasir insanın özünə yadlaşmasından bəhs edən əsərləriylə alman ədəbiyyatında olduğu qədər dünya ədəbiyyatında da şöhrət qazanan Maks Friş (Max Frisch) 1911-ci ildə Sürixdə dünyaya gəlib. 1931-ci ildə də doğulduğu şəhərdə alman filologiyası üzrə oxumağa başlasa da atasının ölümü səbəbiylə təhsilini tamamlaya bilmir. Bu, onun həyatında önəmli dönüş nöqtəsi olur.
Müstəqil jurnalist kimi "Yeni Sürix" qəzetində işə başlayan Maks Friş, Macarıstan, Çexoslovakya və Balkan ölkələrinə, Türkiyəyə səyahət edir. Bu səfər əsnasında yazdığı qeydləri işlədiyi qəzetdə nəşr etdirir. 1934-cü ildə yazdığı ilk romanı "Yürq Raynhart"da eftanaziyanın etik cəhətdən müdafiə etməyin mümkünlüyünü və mümkünsüzlüyünü izah etməyə çalışır. İlk romanını yazdıqdan sonra 1936-1940-cı illəri arasında Sürix Texniki Universitetində memarlıq təhsili aldı.
İkinci Dünya Müharibəsinin başlamasına az qalmış İsveçrədə də səfərbərlik elan edildi. Maks Friş bir çox isveçrəli kimi sərhəddə göndərildi. Müharibə illərində gördüklərini "Çörək torbasından qeydlər" adlı gündəliyində işıqlandırdı.
Friş müharibə illərində tikintidəki gündəlik işlərə nəzarət etməklə yanaşı romanlar və dram əsərləri də yazırdı.
İkinci Dünya Müharibəsinin başa çatmasından sonra qonşu ölkələrə səyahətləri başlayır. Səyahət əsnasında başda Bertoldt Brext və Tornton Uaylder olmaqla bir çox yazıçılarla tanış olur.
Brextin təsiri ilə yazdığı əsərlərdə müharibənin cəmiyyətə necə böyük zərbə vuracağı məsələsi qabardılırdı.
1952-ci ildə Amerikaya yollanıb San-Fransisko, Nyu-York şəhərlərində və Meksikada bir müddət yaşayan Friş təəssüratlarını "Əyri sevda" və "Stiller" romanlarında qələmə alıb. Xüsusilə "Stiller" romanı həm tənqidçilər, həm də oxucular tərəfindən təqdirlə qarşılanır.
Maks Friş 1955-ci ildə memarlıqdan tamamən uzaqlaşır və özünü yazıçılığa həsr edir. Yazıçının tamamən avtobioqrafik olan ilk əsəri "Montauk" romanıdır.
Xərçəngə tutulan yazıçı "Holosendə görünən insan" əsərində ölümdən qaçmağa çalışan yaşlı bir adamın taleyini qələmə alıb və 1991-ci ildə 79 yaşında Sürixdə xəstəxanada dünyasını dəyişib.
Maks Frişin "Homo Faber" romanı
Romanın əsas qəhrəmanı Valter Faber ortayaşlı, UNESCO-da çalışan bir mühəndisdir. O inkişaf etməmiş ölkələrə yardım aparan, işinə bağlı insandır. Romanın əvvəlində Nyu-Yorkdan Karakasa səfərə çıxan Faberin səfərə 3 saat gecikir. Belə bir gecikmə adi hesab olunsa da texnikaya güvənən memar üçün qəbuledilməzdir. O, səfər əsnasında gərgin və narahatdır. Texnikaya sonsuz inamı olan Faberin adi bir iş səfəri onun həyatını dəyişir. Səfərin əvvəlində qarşılaşdığı Herbertin köhnə dostu Yoaximin qardaşı olduğunu öyrənir. Faberə məlum olur ki, Yoaxim onun köhnə sevgilisi Hannayla evlənib və Hannanın bir qızı var. Keçmişə qayıdan Faber Hannayla ayrıldığı dönəmi xatırlayır…
…Səfərə çıxmaqda olan Faber Hannanın hamilə olduğunu öyrənir və ona evlilik təklifi edir. Hanna bu təklifi rədd edir və öz aralarında aborta qərar verirlər. Sonradan Hannanın nə üçün evlilik təklifini rədd etməsi aydın olur. Səfərdən öncə Faber Hannaya: "Uşağını doğmaq istəyirsənsə, evlənməyə məcburuq" deyir. Çox bəsit görünən bir səbəbə görə – Faberin "uşağımızı" demədiyi üçün – Hanna evlilik təklifini rədd edir. Faberdən ayrıldıqdan sonra Hanna ortaq dostları Yoaximlə evlənir və övladını dünyaya gətirir. Herbertlə təsadüfi qarşılaşma onu təbəddülatlara sürükləyir və şəxsi dünyagörüşü haqqında düşünməyə başlayır. Həm Yoaximdən, həm də Hannadan xəbər tutmaq üçün Faber Herbertlə Qvatemalaya gəlir və Yoaximin özünü asdığını görür.
Faberin daxili monoloqlarından görürük, o, ağılın və texnikanın üstünlüyünü qəbul edir, maşına insandan daha çox güvənir, insanın ağılı və məntiqiylə hər şeyi planlaşdırıb hazırlaya biləcəyini düşünür. Buna görə də həyatda təsadüflərin və alın yazısının artıq şey olduğunu deyir. O tam mənasıyla maarifçi düşüncənin məhsulu olan müasir insan modelidir. Gördüyünə şəksiz-şübhəsiz inan Faber görmədiyini inkar edəcək qədər mexanikləşmiş bir insandır.
"İnsanların həyatdan danışarkən nəyi nəzərdə tutduqlarını özümdən dəfələrlə soruşmuşam. Mən texnikəm və hər şeyi olduğu kimi görməyə öyrəşmişəm. Onların haqqında danışdığı şeyi çox yaxşı görürəm. Kor deyiləm ki… Niyə qadın kimi olmalıyam? Tufan görmürəm, ayın işıqlandırdığı, küləyin su kimi dalğalandırdığı qumu görürəm; məni təəccübləndirmir, qeyri-adi də hesab etmirəm, hamısı açıqlana bilən şeylərdir".
Faberin dünyasında hər şey bu qədər açıq-aydındır. Duyğulara, hislərə və təsadüflərə nə ehtiyac var?
Ancaq səfər boyu rastlaşdığı texniki problemlər, Karakasa getmək əvəzinə müxtəlif yerlərə gedib çıxması və yeni görüşlər onun həyatını dəyişməyə başlayır.
İkinci sevgilisi İvidən uzaqlaşmaq üçün Faber Avropaya gəmi ilə səfərə çıxmağa qərar verir. Gəmiylə səyahət zamanı rastlaşdığı qıza izahedilməz bir bağlılıq hiss etməyə başlayır. Faberin Zabet adlandırdığı 20 yaşlı Elizabet onun tamamən əksidir. O, statistikalara və texnikaya etimad göstərmir, xəyallarının arxasınca düşməyə üstünlük verir. Elizabetlə tanışlıq olduqdan sonra Faber tez-tez keçmiş sevgilisi Hannanı xatırlamağa başlayır. Hannanın adi qadınlardan daha çox həssas olması, statistikaya və texnikaya inanmamağı, kiçik şeylərdən həyəcanlanması və alın yazısına olan inancı Faberin beynindən çıxmır. Elizabet Yunanıstana anası ilə görüşə gedir. Tale Faberin başına öz torunu hörməkdədir.
Bir-birini izləyən qəzalar əsas həqiqəti üzə çıxarır. Yunanıstan sahillərində Elizabeti ilan vurur. Faber Elizabetin Hannanın qızı olduğunu öyrənsə də özünəməxsus üsullarla hesablamalar aparır və Elizabetin öz qızı olmadığına qərar verir. Nəhayət ki, Hanna Elizabetlə bağlı həqiqəti Faberə danışır.
Elizabet Hanna və Faberin doğma qızıdır. Faberə aşiq olan Elizbet əslində atasını sevdiyini bilmədən ölür. Artıq Valter Faber kimi texnikaya inanan, hər şeyin elmlə izah edilə biləcəyinə güvənən bir adam öz qızına aşiq olmuş və ona evlilik təklif etmiş atadır.
Alın yazısı onu öz vətənindən çox-çox uzaqlara aparıb çıxarıb. Artıq o Amerikadakı praqmatik mühəndis deyil. Taleyin Afinaya gətirib çıxardığı, köhnə sevgilisi Hannayla qızı Elizabetə yas tutan bir atadır. Bütün materialist düşüncələrdən sıyrılan Faber əvvəlki həyatının tamam əksi olan bir həyat tərzi yaşayır. Anlayır ki, onun dünya görüşü həm özünün, həm də qızının həyatını məhv edib.
Faber heyrət və çaşqınlıq içindədir. Artıq hər şey öz dəqiqliyini itirib. Faber illər boyu kor kimi yaşamasını dərk edib və həqiqətlərlə üzləşməyə məhkumdur. Bu baxımdan Faberi qüruruna qurban gedən müasir dünyanın Edipi hesab bilərik. Faber xoşbəxt hesab etdiyi həyatını nə qədər bədbəxt və duyğusuz yaşadığını anlayır. İlk dəfə ağlayır və tənhalıqdan iztirab çəkir.
Mədə xərçəngindən əməliyyata hazırlaşan Faber bu dəfə elmə və texnikaya güvənini bir tərəfə qoyur…
Maks Friş texniki inkişafın insan mənəviyyatına nə qədər təsir etdiyini "Homo Faber" də ustalıqla qələmə alıb.
Roman 2013-cü ildə, "Alatoran" Nəşriyyatında işıq üzü görüb.