BAKI, 24 aprel – Sputnik, Kəmalə Əliyeva. Azərbaycan rəssamı Kənan Şeyxzamanlı qeyri-adi portret çəkib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu portretin yaradılmasında rəssamın bir çox həmkarları da iştirak ediblər.
Şəkil sosial şəbəkədə heyranlıq və qızğın müzakirələr doğurub.
İş rəssamın Instagram səhifəsində təqdim olunub. İlk dəfə olaraq Şeyxzamanlı öz gənc həmkarları ilə birgə qeyri-adi layihə həyata keçirmək qərarına gəlib. Onun yaradılması üçün ideya müəllifi Bakının ən istedadlı illüstratorlarını seçib.
Layihədə Cəmilə Əliyeva, Katya Fluff, Tələt Əliyev, Fatimə Abdullayeva, Aygün Həsənova, Nərgiz Səfərova və bir çox digər rəssamlar iştirak ediblər. Onlar qızın portretini birlikdə hissə-hissə çəkmək qərarına gəliblər. Bu rəsm özündə iki obrazı birləşdirir – adi qızı və ifritəni.
Rəssamlar əməkdaşlığı davam etdirmək niyyətindədirlər və tezliklə digər kollaborasiyaları da təqdim edəcəklər.
Kənan Şeyxzamanlı - storibordçu və komiks rəssamıdır. Uşaq yaşlarından yaradıcılıqla məşğul olur. O, həmçinin xalq artisti Tünzalə Ağayevanın klipinin illüstratoru kimi çıxış edib.