Türkiyədə otellər post-pandemiya dövrünə hazırlaşır

Qida və içkilərin təhlükəsizliyi, müştəri xidmətlərinin gigiyenik qaydalara yüksək səviyyədə riayət etməsi, “İsveç masası”nın ləğvi və s. gözlənilən tədbirlər sırasındadır 
Sputnik

BAKI, 22 aprel – Sputnik. Türk otelçilər koronavirus pandemiyasına baxmayaraq, gələcəkdə də "hər şey daxil" və ya "İsveç masası" sistemindən imtina etməyəcəklər. 

Əvvəllər istirahətə aparırdılar, indi isə ölməyə - Optimist turizm şirkətləri
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə proqnozları "Rixos Hotels" qrupunun İdarə Heyətinin sədri Fəttah Taminci açıqlayıb.

Onun fikrincə, "all inclusive" (hər şey daxil) konsepsiyası üzrə işləyən beşulduzlu otellərdə gigiyena normaları artıq ən yüksək səviyyədədir. "Həm qida və içkilərin təhlükəsizliyi, həm də müştəri xidmətlərinin gigiyenası məsələlərinə həmişə yüksək diqqət göstərilib və göstəriləcək”, - deyə Taminci bildirib.

Eyni zamanda, "İberostar" otellər zəncirinin baş aşpazı Migel Miller mehmanxanaların hələ də bəzi standartlarını nəzərdən keçirməli olduğunu bildirib. Məsələn, restoranlarda masaların tutumunu (maksimum beş-altı nəfərədək) məhdudlaşdırmaq və onları bir-birindən təhlükəsiz məsafədə yerləşdirmək, mebelləri dezinfeksiya etmək, qab-qacaq dəstini fərdi qoruyucu qablaşdırmalarda təqdim etmək, onları antiseptik məhlulların olduğu konteynerlərə yerləşdirmək, dəfələrlə istifadə edilən parça salfetlər və süfrələrdən istifadə etməmək.

Bundan əlavə, Miller hesab edir ki, dəyişikliklər "İsveç masası"na da toxuna bilər. Ehtimal ki, onu  əvvəlcədən hazırlanmış yeməklərin paylar şəklində təqdim edildiyi ənənəvi format əvəz edəcək və ya onları fərdi mühafizə vasitələri ilə restoranın əməkdaşı təqdim etməyə başlayacaq.

Ümumdünya Turizm Forumu İnstitutunun sədri Bulut Bağcı isə öz növbəsində bildirib ki, otellərin müştəriləri yeni tələbləri və qorxuları ucbatından "a la carte" restoranlarının xeyrinə "açıq bufet" dən imtina edə bilərlər. Yəqin ki, bununla əlaqədar olaraq, xidmət "all inclusive" paketinə daxil ediləcək.

Koronavirusun zərər vurduğu turizm necə özünə gələcək – ekspert şərhi

Aprelin 20-də Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar turizm obyektlərinin işində dəyişikliklərin ediləcəyi bildirilib. Xüsusilə, COVID-19-dan mühafizə məqsədilə otellərin təhlükəsizlik üzrə sertifikatlaşdırılmasının tətbiqi və gigiyena standartlarına riayət edilməsi planlaşdırılır. Yaşayış obyektlərində sosial məsafəyə təminat verilməsi, eləcə də bütün xidmət personalının sağlamlığının yoxlanılmasının mütəmadi olaraq həyata keçirmələri nəzərdə tutulur.

Mart ayının sonunda Türkiyə, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində dünyanın bütün ölkələri ilə hava əlaqəsini dayandırıb. Son məlumatlara görə, ölkədə 90 mindən artıq yoluxma hadisəsi qeydə alınıb, iki mindən artıq insan dünyasını dəyişib.