BAKI, 21 aprel — Sputnik. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirlərinin geniş miqyas alması əmək müqavilələrinin sayında davamlı artıma şərait yaradıb. Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata görə, Nazirliyin "Əmək müqaviləsi bildirişi" e-sistemindən əldə olunan məlumata əsasən, bu ilin əvvəlindən özəl sektorda əmək müqavilələrinin sayı 84,5 min artıb.
Qeyd edək ki, pandemiya dövründə sosial dəstək paketinin mühüm bir istiqaməti dövlət və qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına, işçilərin əsassız yerə işdən çıxarılmamasına yönəlib.
Bu məqsədlə Nazirlik tərəfindən "Əmək müqaviləsi bildirişi" e-sistemi vasitəsilə işəgötürənlərə bildiriş-xəbərdarlıq göndərilib və bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.
İş yerlərinin qorunmasına nail olunması ilə yanaşı, əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi görülən kompleks sosial-iqtisadi tədbirlərin daha bir müsbət nəticəsidir.