Saakaşvilidən Gürcüstan hökumətinə imtina edilməyəcək təklif

"Əks təqdirdə, koronavirus pandemiyası fonunda baş verən iqtisadi böhran ölkəni yoxsulluq və aclığa gətirib çıxaracaq", – Gürcüstanın sabiq lideri vurğulayıb.
Sputnik

BAKI, 20 aprel — Sputnik. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili koronavirusdan dəyən ziyanın aradan qaldırılması üçün Tbilisiyə sövdələşmə təklif edib. Sövdələşmə çərçivəsində o, xarici tərəfdaşlardan 5,5 milyard dollara yaxın vəsaiti Gürcüstana gətirəcəyini vəd edib. Sputnik Azərbaycan xəbər verir ki, Saakaşvili bu barədə "Mtavari arxi" teleşirkətinin efirində danışıb.

Saakaşvili etiraf edib ki, Gürcüstan hökuməti ona dövlət rəhbərliyinin müvəqqəti rəsmi nümayəndəsi statusunu versə və ona qarşı qaldırılmış cinayət işlərinin nəzərdən keçirilməsini payızadək təxirə salsa, o, lazımı vəsaiti tapacaq. Sabiq prezident dəstək almaq üçün bütün Avropa paytaxtlarına müraciət etməyə hazırdır.

Azərbaycanın İran və Gürcüstanla sərhədi bağlı qalacaq

"Bütün hüquqi mübahisələr gələcək üçün təxirə salınmalı və payıza qədər moratorium elan edilməlidir. Payızdan sonra hüquqi prosesləri davam etdirə, məni müxtəlif işlərə görə mühakimə edə bilərsiniz. Yalnız bir məsələdə – xarici yardım alınması prosesində mənə Gürcüstan rəhbərliyinin müvəqqəti rəsmi nümayəndəsi statusunu verin və mən də zəmanət verirəm ki, ölkə iqtisadiyyatını xilas etmək üçün 5,5 milyardlıq yardım gətirəcəm", – Saakaşvili televiziya efirində bildirib.

O, demək olar ki, bütün müasir siyasi liderləri və maliyyə təşkilatlarının nümayəndələrini şəxsən tanıdığını bildirib.

Saakaşvilinin sözlərinə görə, yaranmış şəraitdə Gürcüstanı yalnız xarici dəstək xilas edəcək.

"Əks təqdirdə, koronavirus pandemiyası fonunda baş verən iqtisadi böhran ölkəni yoxsulluq və aclığa gətirib çıxaracaq", – Gürcüstanın sabiq lideri vurğulayıb.

Saakaşvili 2013-cü ildə yeni prezident Georgi Marqvelaşvilinin andiçmə mərasimindən dərhal sonra Gürcüstanı tərk edib. Vətənində ona qarşı başlanmış cinayət işlərinə görə o, ölkədaxili axtarışdadır.