Paşinyanın "çirkli" videosu İctimai kanalı çətin vəziyyətə saldı

Müntəzəm olaraq Ermənistan KİV-də İctimai kanalın icraçı direktoru Marqarita Qriqoryanla hakimiyyət arasında münaqişə olduğu barədə məqalələr yazılır
Sputnik

BAKI, 19 aprel - Sputnik. Ermənistan Respublikasının ombudsmanı Arman Tatoyan ölkənin Baş naziri Nikol Paşinyanın efirəqədərki kadrlardan montaj olunmuş video ilə ələ salınmağını əxlaqsızlıq adlandırıb.

Sputnik Ermənistan yazır ki, bu barədə fikirlərini Tatoyan Facebook-da bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə Paşinyanın koronavirus pandemiyasının sosial-iqtisadi təsirləri barədə xalqa birbaşa efirdə müraciətindən əvvəl lentə alınmış texniki məşqdə çəkilən kadrlardan düzəldilmiş video dolaşmaqdadır. Kadrlarda Paşinyanın öskürdüyü, bu zaman əli ilə ağzını tutmadığı, su şüşəsini başına çəkdiyi, dərman atdığı görünür. Videonun “müəllif”ləri bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bildiriblər ki, kadrlar sadəcə “sızdırılıb”.

Paşinyan ölkəsindəki rüşvət sxemini açdı

Ombudsmanı isə videoçarxa insanların göstərdiyi reaksiya, eləcə də montajın açıq-aşkar təhqiramiz xarakter daşıması narahat edib.

“Məgər biz dövlətçiliyimizin inkişafını və xalqın potensialını bu cür təsəvvür edirik? İctimai xadimə, düşmənə, siyasi opponentə, dosta, yaxud qohuma bu cür münasibət yolverilməzdir. Biz dövlət və xalqımızın simvollarına: prezidentdən tutmuş baş nazirə, erməni apostol kilsəsindən tutmuş katalikosadək hamıya dərin hörmət bəsləməliyik. Əks halda  nə ictimai həyatda harmoniya, nə də nəsillər arasında sülh və həmrəylik görəcəyik”, - Tatoyan qeyd edib.

İctimai kanal isə kadrların sızması barədə açıqlama verərək bildirib ki, buna heç bir aidiyyəti yoxdur. Kanalın yaydığı məlumatda deyilir ki, mövcud razılaşmaya əsasən, açıq efiri təmin edib, digər telekanallar da bundan yararlanıblar. Yayımı aparan bütün şirkətlər efirə hazırlaşmaq üçün öncədən siqnal alıblar.

Telekanalın bəyanatını şərh edən Baş nazirin mətbuat katibi Mane Gevorkyan isə deyib ki, digər telekanallar siqnalı efir başlayandan bir neçə saniyə öncə almalıymış. Nazirin aparatı digər telekanalların efirdən 15 dəqiqə əvvəl siqnalı alacağından xəbərsiz olub. İndi, katibin sözlərinə görə, nazirin aparatı “adekvat izah” gözləyir.

Bu ittihama qarşı isə İctimai kanalın yayıma məsul işçisi Vardan Akopyan Facebook səhifəsində bildirib ki, yayım zamanı Gevorkyanla bir otaqda imişlər və o özü şəxsən ona yayımın başladığını xəbər verib.

Qeyd edək ki, müntəzəm olaraq Ermənistan KİV-də İctimai kanalın icraçı direktoru Marqarita Qriqoryanla hakimiyyət arasında münaqişə olduğu barədə məqalələr yazılır. İş burasındadır ki, o, hələ “məxməri inqilab”dan öncə də bu telekanala rəhbərlik edib, indiki baş nazir isə telekanalı dəfələrlə düzgün olmayan informasiya yaymaqda ittiham edib. İnqilabdan sonra telekanalda kadr dəyişikliyi olub, Qriqoryan isə buna rəğmən rəhbər vəzifəsini qoruyub saxlayıb.