CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni dünyada yeni qaydalar: Koronavirusdan ölən şəxslər necə dəfn edilməlidir?

Koronavirusdan vəfat edən şəxslər xüsusi ayrılmış Təcili Tibbi Yardım briqadası tərəfindən infeksiyasının yayılmasının qarşısının alınması üçün tədbirlər görülməklə xüsusi torbaya yerləşdirilir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Koronavirus infeksiyasının yeni növü olan COVİD-19-un yayılması bu virusdan ölüm hallarını da artırıb. Bu günə olan məlumata görə, dünyada COVID19-dan vəfat edənlərin sayı 150 mini keçib. Azərbaycanda xəstəlikdən 15 nəfər ölüb.

Koronavirusdan ölüm halları, vəfat edən şəxslərin dəfni məsələsini də gündəmə gətirib. Bəs görəsən COVİD-19-dan dünyasını dəyişənlər hansı qaydada dəfn edilməlidir?

Koronavirus onu taxtdan salıb - Amma bu bədheybət heç yerə getməyib

"Əjdərbəy" məscidinin axundu, ilahiyyatçı Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxduğu üçün vəfat edən insanların dəfni üçün xüsusi qayda yoxdur. Sadəcə olaraq bu insanların nəşi gigiyenik və sanitar qaydalara uyğun dəfn edilir: "Mənim bildiyim qədər, 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həyətində bunun üçün xüsusi yer tikilib. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində meyit müayinə olunduqdan sonra həmin yerdə islam qaydalarına uyğun yuyulur və kəfənlənir. İslam qaydalarına görə, meyit mütləq kəfənlənməlidir. Bundan sonra həmin şəxsin nəşi öz doğmaları tərəfindən karantin qaydalarına əməl edilməklə dəfn edilir. Sadəcə olaraq dəfn zamanı məsafə gözlənilməlidir".

İlham Səlimov deyir ki, koronavirusdan vəfat edən şəxslərin dəfni üçün əlavə xüsusi tələb yoxdur: "Mən özüm belə xəstəlikdən vəfat edən şəxslərin dəfnində iştirak etməmişəm. Amma dəfn edənlərdən eşitmişəm ki, əlavə tələb yoxdur. İslam dininin qaydalarına uyğun olaraq başqa müsəlmanlar kimi onlar da dəfn edilir".

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev də koronaviruslu xəstələrin vəfat etdikdən sonra dəfni üçün xüsusi qaydaya ehtiyac olmadığını söyləyir: "COVİD-19 virusu qrip virusu kimidir. Bu hər hansı təhlükəli xəstəlik deyil. Məsələn, qarayara torpağa düşdükdə də yaşaya bilir. Amma koronavirusun belə təhlükəsi yoxdur. Ona görə də, bu virusdan vəfat edənlər yuyulub kəfənlənib yaxınlarına verilir. Dəfn zamanı da onun üzərini xüsusi örtüklə örtməyə ehtiyac yoxdur".

1 saylı Kliniki Tibbi Mərkəzdən isə Sputnik Azərbaycan-a bildirdilər ki, koronavirusdan vəfat edən şəxslər xüsusi ayrılmış Təcili Tibbi Yardım briqadası tərəfindən infeksiyasının yayılmasının qarşısının alınması üçün tədbirlər görülməklə xüsusi torbaya yerləşdirilir. Bu zaman yüksək təhlükəsizlik tədbirləri görülür. Vəfat edən şəxsin nəşi xüsusi rejimli xəstəxanadan eyni təhlükəsizlik tədbirləriylə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə aparılır. Daha sonra cənazə dini qaydalara uyğun şəkildə dəfn edilir.

Səudiyyə qərar verdi: Koronavirusa görə bayram namazı evlərdə qılınacaq

Qeyd edək ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, koronavorusdan vəfat edən şəxslərin dəfn xərci dövlət hesabına ödənilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, xəstəxanalarda digər xəstəliklərdən vəfat edən şəxslərin də dəfni ilə bağlı hər hansı problem qeydə alınmayıb və lazım olan bütün addımlar atılır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Kristian Lindmayer koronavirusdan ölən şəxsin cəsədinin virus təhlükəsi saçmadığını vurğulayıb. O, bildirib ki, xəstəlik hava-damcı yolu ilə yayılır: "Şəxs öldükdən sonra virus da ölür və buna görə yoluxma halı ola bilməz. Amma insanların dəfn mərasimində kütləvi toplşaması xəstəlik riskini artırır".

Onu da qeyd edək ki, Türkiyə, İran və digər müsəlman ölkələrində koronavirusdan ölənlər şəriət qaydalarına uyğun dəfn edilsə də, bəzi xristian ölkələrində meyitin yandırılması hallarına da rast gəlinir.