Zülfiyyə Quluyeva,Sputnik Azərbaycan
BAKI, 15 aprel — Sputnik. Son günlər əmək müqavilələrinin bağlanmasının sayında əhəmiyyətli artım müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 46848, yanvarın 1-dən 69 478 müqavilə artıb. Əmək müqavilələrinin bağlanma sayında bu artımın pandemiya dövründə baş verməsi, təbii ki, təəccüb yaratmaya bilmir. İş yerlərinin çoxunun bağlı olduğu dövrdə bu qədər işçinin pandemiya zamanı işə götürülmədiyi bəllidir. Heç şübhəsiz ki, koronavirusdan zərər çəkən sahələrdə sahibkarlar dövlətdən ayrılan maliyyə yardımını əldə etmək üçün indiyədək rəsmiləşdirmədikləri işçiləri ilə də əmək müqaviləsi bağlamağa başlayıblar. Amma sahibkarların unutduğu bir məqam var ki, maliyyə yardımı mart ayına qədər bağlanan müqavilələrə uyğun ayrılacaq.
İndi sual doğuran əsas məqam pandemiya dövründə bağlanan əmək müqavilələrinin saxlanılıb-saxlanılmayacağıdır. Görəsən, yardım bitəndən sonra sahibkarlar yenicə müqavilə bağladıqları o işçilərlə əmək müqaviləsini saxlayacaqlarmı?
Sputnik Azərbaycan pandemiya dövründə sahibkarların işçilərlə bağladığı əmək müqavilələrinə nəzarətin hansı formada aparılmasının mümkünlüyünü araşdırıb.
Qeyd edək ki, hazırda özəl sektorda işçilərin ixtisarı hallarının qarşısını almaq üçün dövlət tərəfindən sahibkarlara çağırışlar edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. Həmçinin əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib. Bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir: "Aparılan işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, onların sayında artım dinamikası davam edib. 2020-ci ilin 1 aprel tarixinə qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-yə çatıb".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallarda işçilər Əmək Müfəttişliyinə müraciət edə bilərlər:
"Hər bir şirkətdə, müəssisədə yaranmış vəziyyətə görə işçilərin ixtisar edilməsi mümkündür. Biz nə qədər ixtisar etməməklə bağlı çağırışlar etsək də, müəssisənin maddi durumu işçini saxlamağa imkan verməzsə, sahibkar işçilərin sayını azaltmalı olacaq. Amma əgər dediyiniz kimi məqamlar olarsa, işçilər Əmək Müfəttişliyinə müraciət edə bilərlər".
Dövlət Əmək Müfəttişliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsində sadalanan hallarda (maddə 72) əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər: "Həmçinin əlavə edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin "Əmək müqaviləsi bildirişi" altsistemi vasitəsi ilə əmək müqaviləsi bildirişlərinə daimi nəzarət həyata keçirilir, bu proses gələcəkdə də davam etdiriləcək".
Məlumat üçün bildirək ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi prosesi davam etdirilir. Aprelin 13-də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 1983 vergi ödəyicisinə 3,652 mln. manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2560 fərdi (mikro) sahibkara isə 2,948 mln. manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb. Bundan əvvəl, 9 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bugünkü tarixə 5752 vergi ödəyicisinə ümumilikdə 8,939 min manat həcmində maliyyə dəstəyinin göstərilməsi təmin edilib. Koronavirus pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.