MƏDƏNİYYƏT

Emin "Jara-2020" festivalının taleyindən danışıb

Tanınmış ifaçı Emin Ağalarov Bakıda keçiriləcək ən çox gözlənilən festivalla bağlı planlarından danışıb
Sputnik

BAKI, 15 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Emin Ağalarov Azərbaycan-Rusiya sərhədinin iyul ayına qədər açılmayacağı təqdirdə "Jara-2020" Bakı Beynəlxalq Musiqi Festivalını onlayn formatda keçirmək niyyətindədir.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni bu barədə Rusiyanın Birinci kanalında yayımlanan populyar “Veçerniy Urqant” verilişinin efirində danışıb.

İkinci cəhddə alındı: Emin amerikalıların ürəyini fəth edib

 

Koronavirus pandemiyası üzündən ölkələr arasında sərhədlər bağlıdır, buna görə də Ağalarov 300 artisti Bakıya festivala gətirib-gətirməyəcəyini hələ bilmir. 

"Bütün komandamız festivala hazırlaşır. Bu il bizim çoxlu planlarımız var. Pandemiya yoxa çıxmasa, mən Bakıda onlayn formatda, tamaşaçıların iştirakı olmadan konsertlər keçirməli olacağam. Əgər biz Bakıya gedə bilməsək, onda Moskvada konsert meydançalarının birində beş günlük festivalın konsertlərini onlayn keçirəcəyik", - Ağalarov deyib.

Xatırladaq ki, festival iyulun 29-dan avqustun 2-dək "Sea Breeze" turizm kompleksində keçirilməlidir. Layihənin açılış günü, iyulun 29-da qala-konsertin keçirilməsi nəzərdə tutulub. İyulun 30-da "Sıfırınci illərin ulduzları” çıxış edəcəklər. İyulun 31-də 90-cı illərin hitləri səsləndiriləcək, avqustun 1-də isə beynəlxalq gün qeyd olunacaq. Avqustun 2-də Z nəslinin müğənnilərinin çıxışı planlaşdırılıb.

"Jara" Festivalı 2017-ci ildən keçirilir. Layihənin təşkilatçıları tanınmış müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Rus Radiosu"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən məşhur estrada ulduzları iştirak edirlər.