Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 15 aprel — Sputnik. "Xəstələr virus əleyhinə olan dərman vasitələri ilə müalicə olunurlar. Bu zaman onlara arbidol, koletrax dərmanları verilir. Sırf koronavirusun dərmanı tapılmadığı üçün ayrı-ayrı xəstəliklərdə istifadə olunan bu dərmanlardan verilir. Xəstənin ağciyərində hansısa dəyişiklik varsa, bu zaman kaletra və digər dərmanlar tətbiq olunurr. Qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatı da koronaviruslu xəstələrə bu dərmanları verməyi tövsiyə edir".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin həkim-infeksionist hepatoloqu, ATU-da koronaviruslu xəstələri müalicə edən Sədrəddin Atakişizadə deyib. O dərman preparatlarından istifadədə qonşu ölkələrin təcrübəsinin deyil, ÜST-ün tərtib etdiyi sxemin əsas götürüldüyündən danışıb.
"Biz məsələn, qonşu Gürcüstan və digər ölkələrin təcrübəsinə deyil, ÜST-ün tövsiyələrinə əməl edirik. Bizə bu sxem TƏBİB tərəfindən verilir. Hazırda istifadə etdiyimiz dərmanlar da ÜST-ün təqdim etdiyi sxemdə əksini tapıb. Bundan başqa, xəstənin ağciyərində hər hansı bir dəyişiklik varsa, bu zaman da tövsiyə olunan dərmanları veririk", - deyə həkim əlavə edib.
Həkim xəstələrin vəziyyətindən də danışıb: "Xəstələrimizin hamısının vəziyyəti yaxşıdır. Onların arasında ağır xəstələr yoxdur. Yavaş-yavaş evə buraxırıq".