CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sizin olanı siz istifadə etməsəniz, daha sizin olmayacaq – Özünüz fikirləşin

“Bu gün əkilməyən torpaqlar problemi xüsusən də pandemiya dövründə aktual deyil. Elə rayon var ki, orada torpağın bir hektarı Bakıdakı 1 sotun qiymətindən dəfələrlə bahadır”
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Azərbaycanda istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən dövriyyəyə qaytarılacaq. 

Daha istədiyiniz yerdə tikinti apara bilməyəcəksiniz: Torpaq sizin olsa da, sizin deyil
Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanılmış 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb. Sazişə görə, hər 3 qurum istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarmaq, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadə etmək üçün təsirli tədbirlər görmək öhdəliyi götürüb. Saziş üç qurum arasında 2020-ci il 19 mart tarixli qərarla bağlanıb.

Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaqlardan düzgün və səmərəli istifadə mühüm məsələdir. İstifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqlar da dövriyyəyə qaytarılmalıdır. Bu gün bəzi torpaqlar var ki, istifadə edilmir və onların da istifadəyə verilməsi üçün mexanizmin olması yaxşı olar. Bu sahədə hansı çətinliklər var və problemin həlli mümkündürmü?

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, istifadədən kənarda qalmış torpaqların əkin dövriyyəsinə qaytarılması ilə bağlı uzun illərdir müzakirələr aparılır: "Bunu rəsmiləşdirmək üçün 1995-1996-cı illərin torpaq islahatlarının nəticələrinə baxmaq lazımdır. Bir neçə il əvvəl Nazirlər Kabineti torpaqdan səmərəli istifadə etməyənlərin cərimələnməsi ilə bağlı addım atmışdı. Amma indiyədək kiminsə buna görə cərimələndiyini görməmişəm. Ümumiyyətlə, bunu cəza mexanizmləri ilə tənzimləmək mümkün deyil. Birincisi, son illər kənd təsərrüfatına böyük maraq var və dövriyyədən kənarda qalan torpaqlar yalnız fond və meşə torpaqlarıdır. Bu gün elə rayon var ki, heç "barmaq" qoymağa yer yoxdur. İnsanlar bunun perspektivini görürlər və əkin işləri aparırlar. Amma burada aqrotexniki qaydalara düzgün əməl olunmursa, obyektiv və subyektiv faktorlar varsa, bu, başqa məsələdir".

"Elə düşünməməliyik ki, biz hər il əkin dövriyyəsinə torpaq cəlb edə bilərik. Bu addım çox ciddi problemlər də yaradır. İlk növbədə suvarma, texnoloji təminat, işçi təminatı çox ciddi investisiya tutumlu istiqamətlərdir. Əksinə, əlimizdə olan torpaqdan səmərəli istifadə etmək, əkin strukturunu düzgün qurmaq, bitki mühafizə tədbirlərini təşkil etmək və hektar başına düşən məhsuldarlıq göstəricilərinin artırılması ən önəmli məsələlərdir. 

Pul üçün öldürdüyümüz torpaq - diriltsək də, üstündə yaşaya bilməyəcəyik - FOTO
Ümumilikdə Azərbaycanda 5 milyon 800 min hektar əkin dövriyyəsində torpaq var. Amma biz bu gün onun yalnız ən yaxşı halda 2 milyon hektarına yaxını əkin dövriyyəsinə buraxa bilirik", – deyə o qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə bu torpaqların uçotunun aparılması çox vacibdir: "Yəni görək ki, əkinlər haradadır, nə əkinləridir, əkin strukturunda nələr təşkil olunur. Elektron kənd təsərrüfatının informasiya sistemi qurulub, amma bu sistemə 400 minə yaxın fermer daxil olub. Bu 400 min fermerin harada nəyi əkdiyini görə bilirik, amma bu 2 milyon hektarın hamısı bundan ibarət deyil. Ən vacib məsələlər məncə bunlardır. Əgər biz əlimizdəki əkin dövriyyəsində olan torpaqlardan səmərəli istifadə etsək, elə bu, bizə kifayət edir, bunu ekstensiv yolla artırmağa elə də ciddi ehtiyac yoxdur".

Əkilməyən torpaqlara gəlincə, o bildirib ki, həqiqətən əkilməyən torpaqlar mövcuddur, amma bunun səbəbi var: "Bunlar pay torpaqlarıdır və dövlət tərəfindən insanlara pay olaraq verilib. Yalnız qanunvericiliyə dəyişiklik etməklə, Nazirlər Kabinetinin mühüm qərarını qəbul etməklə pay torpaqlarını geri almaq olar. Amma insanın mülkiyyət hüququnu da durduğumuz yerdə pozmaq olmaz. Müşahidəmə görə, əkilməyən torpaqlar müxtəlif səbəblərdən əkilmir. Birincisi, ola bilər həmin torpağın meliorativ vəziyyəti pisləşib və orada əkinçilik aparmaq mümkün deyil, yəni qoyulan xərclər gəlirdən dəfələrlə çox pul aparır. İkincisi, ola bilər dağətəyi zonalarda daşlı torpaqlar, daşlı və strukturu pozulmuş torpaqlar çoxdur, yəni orada əkin aparılsa belə, məhsuldarlıq baxımdan ciddi gəlir gətirmir. Əkilməyən torpaqların əksəriyyəti bununla bağlıdır. Çox cüzi ola bilər ki, fermer əkmək istəmir və yaxud da buna oxşar səbəblərdir".

Onun fikrincə, bu gün əkilməyən torpaqlar problemi xüsusən də pandemiya dövründə aktual deyil: "Əksinə torpağa böyük maraq var. Hətta elə rayon var ki, orada torpağın bir hektarı Bakıdakı 1 sotun qiymətindən dəfələrlə bahadır. Hazırda torpaq bazarında minlərlə insan var ki, münbit, su altında olan, strukturu əlverişli olan torpaqlar axtarırlar və s. Ona görə təklif edirəm ki, biz əlimizdəki torpaqların meliorativ vəziyyətini yaxşılaşdıraq. Məsələn, rəsmi rəqəmlərə görə, əkin dövriyyəsində olan 2 milyon hektara yaxın torpaqlarımız var və bunun yarıdan çoxu şoranlaşıb, şorakətləşib və digər deqredasiya prosesinə məruz qalıb. Bunların qarşısını almaq çox vacib tədbirlərdir".