BAKI, 12 aprel – Sputnik. İran yeni koronavirusun bioloji silah ola bilməsi ehtimalını araşdırır.
Sputnik Azərbaycan xəbər verir ki, bu versiyanın yenidən həyata qaytarıldığı barədə İran Silahlı Qüvvələri Baş Qərargahının Səhiyyə İdarəsinin rəhbəri Həsən Araqhizadə bildirib.
Araqhizadənin sözlərinə görə, məsələnin öyrənilməsinə İran elmi mərkəzləri qoşulublar. Lakin hansısa nəticə əldə etmək üçün daha çox vaxt və səy lazımdır.
Eyni zamanda, Səhiyyə idarəsinin rəhbəri vurğulayıb ki, İran Silahlı Qüvvələri istənilən bioloji təhlükəni ortaya çıxarmağa qadirdir, mümkün bioterrorçuluq aktına qarşı tədbirlər görə bilər.
Qeyd edək ki, Çin hələ fevral ayında yeni növ koronavirusun bioloji silah olması barədə informasiyanı təkzib etmişdi. Çinin ABŞ-dakı səfiri Tsuy Tyankay isə bu ehtimalı ağılsızlıq adlandırmışdı.