CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstilik mövsümü uzadıla bilər

Əgər nazirlik havanın temperaturunun aprel ayının sonuna aşağı olacağı barədə məlumat versə, istilik mövsümü respublika üzrə mayın 1-dək uzadılacaq
Sputnik

BAKI, 11 aprel — Sputnik. "Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aprel ayına olan məlumatları əsasında istilik mövsümü uzadıla bilər". Bu sözləri Sputnik Azərbaycan-a “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev söyləyib.

Köhnə binaların istilik dərdi - yaz gələr, yonca bitər

O bildirib ki, mənzillərə istiliyin verilməsi hər il noyabrın 15-də başlayır, aprelin 15-də başa çatır. Dağlıq rayonlarda isə istiliyin verilməsi aprelin sonunadək davam edir: "Amma bu il istilik mövsümü respublika üzrə may ayının 1-dək uzadıla bilər. Biz istilik mövsümünü ancaq Nazirliyin aprel ayına olan hava məlumatı əsasında uzada bilərik. Əgər nazirlik havanın temperaturunun aprel ayının sonuna aşağı olacağı barədə bizə məlumat versə, istilik mövsümü respublika üzrə mayın 1-dək uzadılacaq. Bunun üçün qanuna hansısa dəyişikliyə ehtiyac yoxdur. Qanunda da göstərilib ki, istilik mövsümünün başlanılması və uzadılması havanın temperaturuna uyğun tənzimlənir".

Qeyd edək ki, mənzillərə istiliyin verilməsinin mayın 1-nə qədər uzadılması barədə təklif irəli sürülüb. Bu təklifi ictimai şuraların sədrləri ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə keçirilən telekonfransda səsləndiriblər. Konfransda dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Bildirilib ki, təklif müvafiq qurumlara təqdim ediləcək.

Məlumat üçün bildirək ki, qaydalara görə, Bakıda mənzillərə istiliyin verilməsi 15 noyabrda başlayır və 15 apreldə başa çatır.