RUSİYA

Qonşuda epidemiyanın başa çatacağı zaman açıqlandı

Pandemiya üzərində son qələbə barədə yalnız koronavirus əleyhinə vaksinin tapılması və ümumi peyvəndləmə işinin aparılmasından sonra danışmaq olar
Sputnik

BAKI, 11 aprel — Sputnik. Ən optimist proqnozlara görə, Rusiyada koronavirus epidemiyası yalnız iyunun əvvəli bitəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın parlament qəzetinə müsahibəsində həkim-infeksionist, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Malıev bildirib.

Rusiya koronavirusla bağlı yenə Azərbaycana yardım etdi

Akademik qeyd edib ki, rusiyalıların taleyi onların öz əllərindədir: "Pandemiyanın nə vaxt bitəcəyi insanların hökumətin izolyasiya və digər qərarlarına necə riayət etməsindən, həmçinin həkimlərin vəzifələrini necə yerinə yetirməsindən asılı olacaq".

Lakin o, eyni zamanda qeyd edib ki, pandemiya üzərində son qələbə barədə yalnız koronavirus əleyhinə vaksinin tapılması və ümumi peyvəndləmə işinin aparılmasından sonra danışmaq olar: "Vaksin isə yalnız ilin sonuna hazır olacaq".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,6 milyonu keçib, 102 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.