İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 8 aprel — Sputnik. Koronavirus pandemiyası səbəbindən evinə qapanmağa məcbur olanlar müxtəlif şikayətlər edirlər: sıxılırıq, uşaqların başını qata bilmirik, nə qədər TV-yə, pəncərədən bayıra baxmaq, yatmaq, yemək, sonra yenidən bunları təkrarlamaq olar?
Təbiətən tənbəllərdən fərqli olanlar isə hətta karantin günlərini özlərini inkişaf etdirmək üçün bir fürsət sanaraq başqalarını da maraqlı və faydalı işlərə kökləyirlər.
Sputnik Azərbaycan bildirir ki, belə qoçaqlardan biri də Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubovdur. Oxucularımız onu artıq tanıyırlar. 2017-ci ildə Göyçayda Beynəlxalq Nar festivalında sərgilədiyi əl işlərinin şəkillərini sizinlə paylaşmışdıq.
Cavid fiziki qüsurlu olmasına rəğmən çox istedadlıdır. Qabiliyyətinə arxalanan C.Eyyubov əsl sənətkar kimi yaşayır, yaradır, istedadını nümayiş etdirir. Eyni zamanda, rayon daxilində, həmçinin Respublikada keçirilən sərgilərdə böyük qürurla iştirak edir.
İndi isə onun kimi evə qapanmağa məcbur qalanlara darıxmamaq üçün müxtəlif əl işlərini öyrənməyi təklif edir. Bu günlərdə özünə YouTube-da səhifə açan Cavid kiçik sazın hazırlanma qaydasını izləyiciləri ilə bölüşüb.