BAKI, 7 aprel — Sputnik. Fransanın cənubundakı Qar departamentinin sakini pişiyini xalta ilə gəzdirərkən karantini pozduğuna görə cərimələnib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "20 Minutes" saytı yazır.
Koronavirusun sürətlə yayılması fonunda Fransanın hakimiyyət orqanlarının qərarı ilə ölkədə kafelər, restoranlar, kinoteatrlar və qeyri-ərzaq mağazaları bağlanıb. Martın 17-dən etibarən insanların hərəkətinə ciddi məhdudiyyətlər tətbiq edilib, məhdudiyyətləri pozanlar isə cərimələnir.
Bu tədbirlərə riayət olunmasına nəzarət etmək üçün Qar departamentinin jandarmı drondan istifadə edir.
"Dronun köməyilə pişiyini xalta ilə gəzdirən şəxs aşkar edilib. Pişik sanki xalta ilə gəzməyə öyrəşmiş görünməyib", - sayt izah edir.
Yoxlama zamanı məlum olub ki, Qro-dü-Rua kommunasının sakini evdən istənilən məqsədlə çıxmaq, o cümlədən ev heyvanlarını gəzdirmək üçün vacib olan sənədi özü ilə götürməyib. Pişik ilə gəzinti onun sahibinə 135 avro cəriməyə başa gəlib.