Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 aprel — Sputnik. Məlum olduğu kimi xüsusi karantin dövründə, aprel ayının 5-dən etibarən vətəndaşların fərdi qaydada evdən çıxmaları yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin edilir. Bu gün çoxlarını düşündürən əsas sual yaşadığı yer üzrə qeydiyyatda olmayanların bu xidmətdən necə istifadə edəcəyidir. Məlumdur ki, pasport qeydiyyatına başqa rayonda olsa da Bakıda yaşayan insanlar yüz minlərlədir. Onları çoxu uzun illərdir ki, Bakıda yaşayır. Bir qismi isə işləmək üçün müvəqqəti paytaxta gəlib. Urbanizasiyanın acı nəticəsi olan bu problem karantn dövründə də özünü biruzə verib. Sputnik Azərbaycan rayon qeydiyyatı olan əhalinin Bakıda faktiki yaşadığı halda evdən çıxmaq üçün icazəni necə alacağıdır.
Bakı sakini Nəzakət Muradova da bu problemlə üzləşən yüzminlərlə vətəndaşdan biridir. O, Qazax rayon sakinidir. Amma N. Muradova 25 ilə yaxındır ki, Bakıda yaşayır. Deyir ki, evdə çıxmaq üçün ona icazə verilib-verilməyəcəyindən nararatdır. N. Muradovanın Bakının Binəqədi rayonun eyni adlı qəsəbəsində evi olsa da, qanunsuz tikili olduğundan bu günədək qeydiyyata düşə bilməyib.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşların narahat olduqları məsələ çox aktual problemdir: "Vətəndaş var ki, illərdir paytaxtda yaşayır, işləyir. Amma evi olmadığından, yaxud da evinin sənədi olmadığından faktiki yaşadığı yer üzrə qeydiyyata düşə bilməyib. Yaxud da Bakıda işləmək üçün yaşayan insanlar var. Hazırda Bakıdan rayonlara gediş-gəliş üçün yollar bağlıdır. Bu insanlar öz qeydiyyatda olduğu rayonlarına qayıda bilmirlər. Onlar zəruri tələbatları üçün evdən çıxmaq üçün icazə almalıdırlar. Halbuki çoxunun faktiki yaşadığı yer üzrə qeydiyyatı yoxdur. Mənim fikrimcə, bu insanlara Bakıda qeydiyyatda olmadığı üçün evdən çıxmağa icazə verməmək mümkün deyil. Çünki, hər bir insan çörək almaq, dərman və sair ehtiyaclarını qarşılamaq üçün evdən çıxmaq məcburiyyətindədir. Ona görə də, düşünürəm ki, polisin işi bu zaman qeydiyyatlı-qeydiyyatsız insanlara faktiki yaşadığı yer üzrə evdən çıxmağa zəruri və icazə verilən hallarda şərait yaratmaqdır. Çünki, indi insanları yaşadıqları yer üzrə qeydiyyata düşmədiyi üçün cəzalandırmaq zamanı deyil. İndiki halda vətəndaşlara faktiki yaşadıqları ərazi üzrə evdən çıxmağa icazə verilməlidir".
Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin dövründə pasport qeydiyyatına görə bir, faktiki yaşadığı əraziyə görə başqa ünvanda olan vətəndaşlara evdən çıxmaq üçün icazə veriləcək: "Bunun üçün vətəndaş faktiki yaşadığı ərazi barədə dəqiq məlumat verməlidir. Bildirməlidir ki, o başqa rayonda qeydiyyatda olsa da, hazırda hansı ünvanda yaşayır. Bu zaman ona qeyd edilən zəruri hallar üzrə evdən çıxmağa icazə veriləcək".
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərar qəbul edilib. Bu qərarla bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:
- təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
- ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;
- yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.
1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);
3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.