BAKI, 1 aprel — Sputnik. Sarımsağın iki dəfə bahalaşmasından sonra zəncəfil də bahalaşdı. Qiyməti 6-7 manat olan ədviyyə bəzi yerlərdə birdən-birə 45-50 manata qalxdı.
Heç bir zaman koronavirusa tutulmazsınız
Zəncəfilin bu qədər bahalaşması internetdə yayılan videonun fonunda baş verdi. Rusiyalı virusoloq Oleq Torsunov öz paylaşımında zəncəfilin koronavirusla mübarizədə effektli olduğundan danışır. Video Azərbaycanın “WhatsApp” qruplarında yayıldıqdan sonra əhali zəncəfili marketlərdən böyük miqdarda almağa başladı. Videoda gün boyu ara-sıra zəncəfili çeynəmək məsləhət edilir. Üstəlik, virusoloq sarıköklə balın dəmləməsinin də faydalı olduğunu deyir. “Bu, vasitələrdən istifadə etsəniz, heç bir zaman koronavirusa tutulmazsınız”, - deyə alim iddia edir.
Bəzi marketlərdə zəncəfil elə də bahalaşmayıb, yəni 10 manata almaq olar, amma yarım kiloqram məhdudiyyəti var. Buna bənzər xəbərlər əvvəl də çox yayılıb. Məsələn, heç bir tibbi təhsili olmayan, italyan dili üzrə tərcüməçi olan bir ukraynalı bloqçu da zəncəfilin effektli olduğunu iddia edib, gündə ən azı 3 dəfə çeynəməklə koronavirusdan qurtulmağın yolu kimi məsləhət bilib. Bloqçu həm də sarıkökün də eyni dərəcədə faydasından məlumat yayıb.
Virusu yalnız və yalnız immunitet məhv edir
Sarımsaqdan bezən millət indi də zəncəfilə üz tutub, xilas yolunun bunda olduğunu düşünür. Ümumdünya Səhiyyə Təşkilatı da bu tip xəbərlərin yayılmasından narahatlıq ifadə edib. “Bəzi ənənəvi və ev şəraitində hazırlanan vasitələr insana rahatlıq gətirə və "COVID-19"-un simptomlarını yüngülləşdirə bilər. Lakin hər hansı bir müasir dərman vasitələrinin xəstəliyin qarşısına almaq və ya sağaltmaq xassəsinə malik olduğunu sübut edən faktlar yoxdur. "COVID-19"-un profilaktika və ya müalicəsində ÜST hər hansı dərman, həmçinin antibiotikin köməyilə özünü müalicə etməyi məsləhət bilmir”, - deyə təşkilatın yaydığı xəbərdə bildirilir.
Zəncəfil, sarıkök və ya hər hansı bir başqa ədviyyənin köməyi ilə koronavirusu və ya başqa bir infeksiyanı qabaqlamaq və ya müalicə etmək olarmı? Belə bir iddianı irəli sürmək üçün əslində dünya alimləri illərlə təcrübə aparmalıdırlar.
Aktiv insanlara isə ədviyyə terapiyası da müsbət təsir göstərə bilər
Sağlam həyat tərzi insanı hər gün müşayiət etməlidir. Yəni düzgün qidalanmayan, qeyri-sağlam həyat sürən, az hərəkət edən, siqaret, içki və narkotik aludəçisi olanların zəncəfil və ya sarımsaqla müalicə olacağına ümid etmək mənasızdır. Axı, zəif immunitetdən nə gözləyə bilirik? Əsas orqanlar normal işləmirsə, zəncəfil min dərdə dərmanmı olacaq? Şəkərli diabeti, ürək-damar xəstəliklərini, xərçəngi, böyrək və qaraciyər problemlərini həll edəcək? Koronavirus elə ilk növbədə ağır xəstəliyi olan insanları aparır.
Amma ümumi olaraq düzgün qidalanan, aktiv həyat tərzi sürən insanlara isə ədviyyə terapiyası da müsbət təsir göstərə bilər. Bəzi ədviyyələr doğrudan da antiseptik xüsusiyyətlərə malikdirlər. Onları bir-bir qeyd etməyinə dəyər.
Zəncəfil
Zəncəfil çoxdan immuniteti gücləndirən vasitə kimi tanınıb. Qrip və soyuqdəymədə dəmləməsindən yararlanırlar. Ən sadə formada hazırlanan çay 3 komponentdən ibarət olur: zəncəfil, limon və bal. Bir qədər zəncəfil və limonu fincana əlavə edib üzərinə bir qaşıq bal tökürük, sonra qaynar su töküb üstünü örtürük. Bir qədər sonra müalicəvi məhlul alınır. Çox dadlı və faydalıdır. Zəncəfili çeynəmək də yaxşıdır, amma çox yandırır, uşaqlara yedizdirmək qeyri-mümkündür. Zəncəfilin tərkibində çoxlu maqnezium (Mg) elementi var. O da toksinlərin orqanizmdən xaric olmasına şərait yaradır. Tərkibində çoxlu C və B vitaminləri aşkarlanıb. Burun tutulmasında çox fayda verir. Təzə kökümsovu hazırda bütün marketlərdə satılır. Əvvəllər çətin tapıldığından Azərbaycanda daha çox qurumuş, üyüdülmüş formada satılırdı. Mətbəximizdə zincilfərəc və səməni halvasının hazırlanmasında istifadə edilir. Başqa adı “ağ kök”dür.
Sarıkök
Sarıkök də zəncəfillə eyni fəsiləyə aid edilir. Başqa adı “kurkuma”dır. Əgər zəncəfil ağ kökdürsə, bu sarıkökdür. Adətən qurudulmuş və üyüdülmüş halda satılır. Sarıkökün faydalı tərəflərindən çox danışmaq olar. Ən güclü təbii antibiotik sayılır. Antivirus xüsusiyyətləri var. Hətta xərçəng və Altsheymer xəstəliyində faydalıdır. Tərkibində C vitamini və bol miqdarda minerallar var. Əsas elementi olan kurkumin güclü antioksidant sayılır. Dərman vasitəsi kimi dəmləməsi təklif olunsa da, içmək çox çətindir. Azərbaycan mətbəxinin yeməklərində gen-bol istifadə olunur.
Zəfəran
Zəfəran dünyanın ən bahalı ədviyyələrindən biridir. Onun müalicəvi faydasından çox yazılıb. Həm ürəyin, həm də qaraciyərin dərmanıdır. Əhvalı yaxşılaşdıran və serotonini yüksəldən vasitədir. Antiseptik xüsusiyyətləri özünü məhz orqanizmi toksinlərdən təmizləməkdə ifadə edir. Qaraciyərin işi yaxşılaşır deyə patogen floranın inkişafını bloklayır. Dəmləməsi çox faydalıdır. Sarıkökdən qat-qat güclü ədviyyədir. Əl altda zəfəranı olmayan xanımlar plovda onu sarıköklə əvəzləyirlər. Zəfəranın qəbulu immuniteti çox gücləndirir.
Kəklikotu
Kəklikotunun bir sıra müalicəvi xüsusiyyəti var. Antibakterial və göbələk əleyhinə vasitə kimi xeyirlidir. Tərkibindəki tinolun antiseptik təsiri var. İmmuniteti gücləndirir. Bir sıra vitamin və turşunun daşıyıcısıdır. Onu adətən çayların tərkibinə əlavə edirlər. Dünya mətbəxində bir sıra xörəklərə vurulur.
Mixək
Olduqcə güclü tərkibi var. A, B, C, E və K vitaminləri, omeqa 3 və 6, dəmir və marqanes kimi elementlərin daşıyıcısıdır. Bakterisid xüsusiyyəti var və göbələk əleyhinə faydalıdır. Şirniyyatda və mətbəxin bir sıra yeməklərində istifadə edilir. Ağrıkəsicidir.
Darçın
Darçın immuniteti gücləndirən ən faydalı ədviyyələrdən biridir, çox vaxt soyuqdəymədə istifadə edilir. Aybaşı zamanı ağrıları olan qadınlara da dəmləməsi məsləhət görülür. Azərbaycan mətbəxində quymaq, südlü sıyıq və şirniyyata vurulur. Hazır formada alınıb evdə üyüdülməsi məsləhətdir.
Ədviyyələrdən doğru-düzgün istifadə immuniteti gücləndirir, insanı bir sıra dərddən qoruyur. Amma ciddi xəstəlikdə ədviyyə ilə müalicə olunmaqdansa, həkimə müraciət etmək məsləhətdir.