BAKI, 1 aprel — Sputnik. Bütün dünyada məktəb və universitet tələbələrinin 87 faizi koronavirusun yayılması təhlükəsi səbəbindən təhsil müəssisələrinə gedə bilmir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BMT Baş katibi Antoni Quterreşin hesabatında deyilir.
Sənəd "COVID-19" pandemiyasının sosial-iqtisadi fəsadlarına qlobal reaksiya mövzusuna həsr olunub.
"Təhsil sahəsinə gəldikdə isə 166 dövlət ölkə daxilində məktəb və universitetləri bağlayıb. Hazırda 1,52 milyarddan çox uşaq və gənc məktəb və ya universitetə getmir. Bu, məktəb və universitet tələbələrinin ümumi sayının 87 faizini təşkil edir", - məruzədə bildirilir.
Bundan başqa, qeyd olunur ki, təxminən 60,2 milyon müəllim artıq dərslərə getmir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 690 mindən çox yoluxma faktı qeydə alınıb, 33 mindən çox insan dünyasını dəyişib.