BAKI, 23 mart — Sputnik. Koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs olunub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bunlardan başqa, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirlərini pozanlar da aşkarlanıb.
Məlumdur ki, kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 15.00-dək müəyyən edilib. Tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılansa da, respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə müəyyən edilmiş konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilmişdir. Göstərilən səbəbdən 347 obyekt sahibinə xəbərdarlıq olunub, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilmişdir.
Həmçinin respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın müvafiq qərarının icrası çərçivəsində Bakı-Qazax avtomobil yolunun 65-ci, Bakı-Şamaxı avtomobil yolunun 26-cı və Bakı-Quba avtomobil yolunun 45-ci kilometrliklərində sutkalıq fəaliyyət göstərən 3 xüsusi polis postu yaradılıb. Bugünədək müəyyən edilmiş məhdudiyyəti pozmaqla Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daxil olmaq istəyən 4000 avtomobil geri qaytarılıb.
Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılanmasını xahiş edirik.