İQTİSADİYYAT

Dünya iqtisadiyyatında ciddi böhran gözlənilir: səbəb koronavirusdan da dərindir

"FED-in son qərarının dünya iqtisadiyyatında yaxınlaşan böhrana ciddi təsiri olmayacaq. Çünki bu qərardan sonra neft bazarında belə qiymətlərin artması gözləntiləri yoxdur"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 mart — Sputnik. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25%-ə qədər endirib. Sputnik Azərbaycan-ın məlumatına görə, beləliklə, FED koronavirusa görə risklərlə mübarizə çərçivəsində faizləri ciddi şəkildə aşağı salıb. "Koronavirusun fəsadları qısa müddətdə iqtisadi fəallığa təsir göstərəcək və bu, perspektivlər üçün təhlükə yaradır", - deyə FED-in açıqlamasında bildirilib.

Bəs FED-in uçot dərəcəsini ciddi şəkildə aşağı salması dünyada dolları ucuzlaşdıracaqmı? FED-in qərarının Azərbaycana təsiri ola bilərmi?

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, dünya iqtisadiyyatında çox ciddi böhran dalğası yaxınlaşmaqdadır:

"FED-in qərarı tələbin stimullaşdırılması vasitəsilə işgüzar fəallığın canlandırılması üçün atılan səylərdir. Amma artıq görürük ki, bu, ABŞ-da, Avropada lazımi effekti vermir. Çünki FED bu ay 2-ci dəfədir ki, faizləri aşağı salır, amma bunun ABŞ iqtisadiyyatında hansısa real müsbət nəticələrini görmürük. Bu addım yenə də tələbin stimullaşdırılması tədbirləridir. Onun dünya iqtisadiyyatında yaxınlaşan böhrana ciddi təsiri olmayacaq. Çünki bu qərardan sonra neft bazarında belə qiymətlərin artması gözləntiləri yoxdur".

Onun fikrincə, bu, bir daha onu deməyə əsas verir ki, artıq bu monetar üsullarla dünya iqtisadiyyatında mövcud olan qeyri-monetar problemlərin həllini gözləmək sadəlövhlükdür: "Koronavirus bu böhrana təkan verən bir amildir. Bizim dünya iqtisadiyyatında gözlədiyimiz böhranın daha dərin səbəbləri var. Artıq dünya iqtisadiyyatında dollara söykənən sistemin effektivliyinin tam şəkildə itirilməsi göz qabağındadır. 2008-ci ildə dünya iqtisadiyyatında baş verən böhran faktiki olaraq geniş pul emissiyası vasitəsilə bir qədər örtüldü, amma struktur problemləri ortadadır. Yəni maliyyə resurslarının real sektordan uzaq düşməsi reallıqdır. Və bu gün dollara söykənən iqtisadi sistem öz effektivliyini göstərmir".

Təşvişə düşməyin: bir həftə ərzində bazara təxminən bir milyard dollar “atılıb”

"Biz görürük ki, faktiki olaraq real ifadələrdə ABŞ iqtisadiyyatında, Avropa İttifaqında real iqtisadi artım yoxdur və dünyada iqtisadi artım Cənub-Şərqi Asiya hesabına formalaşır. Cənub-Şərqi Asiyada da müəyyən geriləmələr olarsa, biz faktiki olaraq dünya iqtisadiyyatının kritik vəziyyətə düşdüyünü görürük. Ona görə də struktur problemləri var, dollara söykənən qloballaşma prosesi sürətlə effektivliyini itirir. Artıq monetar üsullar heç bir real nəticə vermir, struktur böhran kompleksli böhrana çevrilməlidir. Kompleksli böhran nəticəsində dünya iqtisadiyyatında yeni konfiqurasiya formalaşmalıdır. Düşünürəm ki, çox güman, bu proses yaxın 1-2 ildə baş verəcək", - deyə professor qeyd edib.

Milli Məclisin deputatı Vüqar Bayramov da mətbuata açıqlamasında məsələyə münasibət bildirib: "FED-in uçot dərəcəsini aşağı salması manata təsir etməyəcək. Çünki manat səbət valyutalara daxil deyil. Mərkəzi Bank mövcud olan ehtiyatlarla dollara olan tələbatı ödəmək imkanına malikdir. FED-in uçot dərəcəsini aşağı salması daha çox ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi və səbət valyutalarının dəyərinin artmasının qarşısının alınması məqsədilə qəbul edilib. Bu qərarın qəbul edilməsi həm də ABŞ dollarının səbət valyutalarına nisbətdə möhkəmlənməsi məqsədi güdür. Bu məsələdə dünyanı öz ağuşuna alan koronavirusun rolu böyükdür".

Deputat deyib: "ABŞ dollarla bağlı məzənnəni qoruyub saxlamaq üçün bu addımı atmağa məcbur olub. Çünki dolların möhkəmlənməsi ABŞ-ın ixrac imkanlarına mənfi təsir göstərir. ABŞ dollarında ucuzlaşma gözlənilmir, amma səbət valyutasına münasibətdə dolların məzənnəsində müəyyən dəyişikliklər olacaq. Bu da onu deməyə əsas verir ki, dolların ucuzlaşması gözlənilmir".

O bildirib ki, FED-in uçot dərəcəsini aşağı salması Azərbaycan bazarına ancaq psixoloji təsir göstərə bilər: "Prinsip etibarilə dolların dünya bazarında ucuzlaşması inkişaf etməkdə olan ölkələrin valyutaları üçün cəlbedicidir. Bu da həmin ölkələrdə valyutaya təsirin minimallaşdırılmasına gətirib çıxarır. FED-in uçot dərəcəsini aşağı salmasının manat üçün elə bir təhlükəsi yoxdur. Bu kontekstdə Mərkəzi Bankda manatın dollara nisbəti növbəti dövrlərdə də sabit qalacaq. Neftin qiymətinin aşağı düşməsi ilə bağlı təbii olaraq dollara tələbat artıb. Bu hal nəinki Azərbaycanda, eləcə də Rusiya və Qazaxıstanda da müşahidə olunur. Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamaq, dollara olan tələbi növbəti dövrlərdə ödəmək niyyətindədir".

Qeyd edək ki, FED martın 3-də də uçot dərəcəsini 0,5% azaldaraq faizləri 1-1,25% səviyyəsinə salıb. Daha əvvəl isə FED uçot dərəcəsinə yanvarın sonunda baxıb və faizləri sabit - 1,5-1,75% səviyyəsində saxlayıb.