BAKI, 18 mart — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yarım ildən bir Nazirlər Kabinetinə ölkələrarası övladlığagötürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar və "Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyasının iştirakçısı olan xarici dövlətin mərkəzi orqanı tərəfindən akkreditə edilmiş orqanların Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün verilən icazələr barədə hesabatları təqdim edəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Ölkələrarası övladlığagötürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası"nda müvafiq dəyişiklik edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditə edilmiş orqanların xarici dövlətin ərazisində fəaliyyət göstərməsi üçün verilmiş razılıqlar və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə də yarım ildən bir Nazirlər Kabinetinə hesabat təqdim olunacaq.
Akkreditə edilmiş orqan övladlığagötürmə haqqında məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən uşağın yetkinlik yaşına çatmasına qədər olan müddətdə övladlığa götürülmüş uşağın övladlığa götürən ailədə həyat şəraiti və tərbiyəsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hesabatları təqdim edəcək.
Qeyd edək ki, bu Qayda ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşayan uşağın övladlığa götürülməsi sahəsində hüquqi yardım göstərən orqanların akkreditasiya qaydasını, övladlığagötürmə ilə bağlı həmin orqanların hüquq və vəzifələrini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşayan uşağın övladlığa götürülməsi sahəsində hüquqi yardımın göstərilməsi şərtlərini müəyyən edir, övladlığa götürülmüş uşaqların həyatı ilə bağlı Azərbaycan Respublikasının dövlət orqanlarının məlumatlandırılması qaydasını, bu sahədə akkreditə edilmiş hüquqi şəxslərin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasının ərazisində ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım mərkəzi orqanın akkreditə etdiyi orqanlar tərəfindən həyata keçirilə bilər.
Akkreditə edilmiş orqanın fəaliyyəti qeyri-kommersiya xarakteri daşıyır. Akkreditə edilmiş orqan övladlığagötürmə ilə bağlı əsassız maliyyə qazancı və ya hər hansı başqa mənfəət əldə edə bilməz. Akkreditə edilmiş orqana yalnız övladlığagötürmə ilə bağlı xərclər, o cümlədən hüquqi yardımın göstərilməsi, işçilərin əməkhaqqı, sənədlərin tərtibatı, övladlığa götürülmüş uşaqların həyatı barədə məlumatların toplanılması üçün zəruri olan maliyyə vəsaitləri ödənilir. Akkreditə edilmiş orqanın övladlığa götürən şəxslərə göstərdiyi xidmətlərin dəyəri onlar arasında bağlanan müqavilə ilə müəyyən olunur. Akkreditasiya iki il müddətinə verilir.