VİDEO

Göründüyü qədər çətin deyil: Novruz süfrəsi üçün badambura resepti

Novruz bayramını şirniyyatsız təsəvvür etmək olmur. Bu dəfə də biz badambura reseptini təqdim edirik. Hazırlanma qaydası göründüyü qədər çətin deyilmiş. Onun necə hazırlanmalı olduğunu isə videomuzda izləyin.
Sputnik

Bayram həftəsindən sonra 3 ay pəhriz saxlamadınsa, daha o bayramın nə dadı? Elə insanlar var ki, bütün ili Novruz şirniyyatlarını yeməyib, özlərini bayrama saxlayırlar. Bu dəfə də biz, ənənəyə sadiq qalaraq, Novruz süfrəsinə verilən şirniyyatlardan birinin hazırlanma qaydasını təqdim edirik.

Xonçalarımızın “kraliçası” şəkərburanı necə naxışlamalı

Badambura üçün bizə lazımdır:

4 stəkan un, duz, 2 xörək qaşığı şəkər tozu, 2 yumurta, 1 xörək qaşığı üzüm sirkəsi, 2 xörək qaşığı xama, əvvəlcədən ilıq suda isladılmış yaş maya və 100 qram kərə yağı, içlik üçün 200 qram öncədən soyulmuş və azca qızardılmış badam, 180 qram şəkər tozu, yarım çay qaşığı üyüdülmüş hil

Badamburanın hazırlanma qaydasını isə bizim üçün evdar xanım Məhliqə Balıyeva göstərib. Bir çox yeni ailə qurmuş xanım qat-qat xəmirin çətin ərsəyə gəldiyini düşünsə də, Məhliqə xanım bunun o qədər də çətin olmadığını göstərdi.

İlk öncə xəmir yoğrulur və bir saat boyunca acıması üçün qırağa qoyulur. Bu zaman ərzində isə əvvəlcədən soyulmuş (bunun üçün badamları suda isladıb saxlamaq lazımdır) və qurudulub-azca qızardılmış badam çəkilir, şəkər tozu və üyüdülmüş hil əlavə edilərək içlik hazırlanır.

Daha sonra xəmir 8 kündəyə bölünür və kündələr bir-bir açılaraq, araları yağlanmaqla üst-üstə yığılır. 8 lavaşın hamısı bu cür açılandan sonra bunlar bir yerdə rulet halında bükülür və 2 barmaq qalınlığında kəsilir. Daha sonra içlik əlavə edilir və 180 dərəcədə 30 dəqiqə ərzində sobada bişirilir.

Badamburanın addımbaaddım hazırlanma qaydasını isə videomuzda izləyin.

Nuş olsun!