BAKI, 17 mart – Sputnik. Milli Məclisdə Azərbaycanda koronavirusla bağlı müzakirələrə başlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, iclasda koronavirusla mübarizənin təşkili məsələləri müzakirə olunacaq. Azərbaycanda bu sahədə görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir.
O vurğulayıb ki, Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarının rəhbərlərinə təlimat məktubu göndərib: "Məktubda koronavirus infeksiyası ilə bağlı mübarizənin təşkili istiqamətində bir sıra tələblər müəyyən edilib. Bu tələblərdən biri iclasların, müşavirələrin və toplantıların keçirilməsinin məhdudlaşdırılması, idarəetmənin telefon, mobil rabitə və internet vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsi haqqındadır. Bununla əlaqədar olaraq komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır".
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Koronavirus: İtaliya ölü sayına görə Çinə yaxınlaşır, Avropa qapıları bağladı
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.