BAKI, 14 mart — Sputnik. Bütün dünyanı ağuşuna almış koronovirus dəhşət saçmaqda davam edir. Ötən sutka ərzində Çində COVİD-19 koronavirusuna daha 11 nəfər yoluxub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu günə kimi yoluxanlardan 13 nəfəri dünyasını dəyişib, 1430 nəfər isə sağalaraq evə buraxılıb.
Məlumata əsasən, Çində koronavirusa yoluxanların ümumi sayı 80 824 nəfər, sağalanların sayı 65 541 nəfər, ölənlərin sayı isə 3189 nəfər təşkil edir.
İtaliyada COVİD-19 koronavirusundan daha 250 nəfər ölüb. Bunu Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib. Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 17660 nəfərə, ölənlərin sayı isə 1266 nəfərə çatıb.
Hazırda İtaliyada 14955 nəfər müalicəsini davam etdirir.
ABŞ-ın Vaşinqton ştatında COVİD-19 koronavirusundan ölənlərin sayı 37 nəfərə çatıb. Bu barədə ştatın qubernatoru Cey İnzli mətbuat konfransında deyib. Daha əvvəl 31 nəfərin öldüyü bildirilirdi.
TƏBİB rəsmisindən koronavirus barədə maraqlı açıqlama: "Simptomu yoxdur"
Qubernator qeyd edib ki, ştatın bütün ümumtəhsil müəssisələri çərşənbə axşamı bağlanacaq.
Cənubi Koreyada COVİD-19 koronavirusuna daha 107 nəfər yoluxub. Ölkədə yoluxma hallarının sayı 8086-ya çatıb, yoluxanlardan 72 nəfəri dünyasını dəyişib.
Məlumata əsasən, ötən sutka ərzində 204 nəfər sağalıb və evə buraxılıb, ümumilkdə sağalanların sayı isə 714 nəfər təşkil edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i COVİD-19 koronavirusunu pandemiya elan edib. Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub. Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.