CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Mən də hamı kimi...” – Fiziki məhdudiyyətli və adi aktyorlar səhnəni necə paylaşır

Abdulla Şaiq adına Kukla Teatrı nəzdində artıq yeddi ildir “Oyuq” teatr-studiyası yer alır. Studiyanın ən maraqlı cəhətlərindən biri səhnəni adi aktyorlarla fiziki məhdudiyyətli aktyorların paylaşmasıdır. Daha ətraflı videomuzda izləyin.
Sputnik

Yeddi ildir fəaliyyət göstərən “Oyuq” studiyası son zamanlar fiziki və əqli məhdudiyyətləri olan aktyorların da iştirak etdiyi tamaşaları öz repertuarına daxil etməyə başlayıb. Ən maraqlısı odur ki, bu aktyorların çoxunun heç bir təcrübəsi olmayıb və onları studiyanın quruluşçu rejissoru Səidə Haqverdiyeva şəxsən dəvət edib.

Filmlərə layiq sevgi hekayəsi: Əlilliyi olan cütlük hər şeyə rəğmən xoşbəxtdir

Studiyanın son tamaşalarından biri Cəfər Cabbarlının “Solğun çiçəklər” dramı əsasında səhnələşdirilib. Rejissor fiziki məhdudiyyətli aktyorlara daha çox rol vermək üçün yeni personajlar təqdim edib.

Səidə xanımın kəşf etdiyi belə aktyorlardan biri də Xəqani Əliyevdir. Yəqin ki, çoxumuz onu şəhərin alış-veriş mərkəzlərindən birində iş başında görmüşük,  amma onu səhnədə görmək tamamilə ayrı hisslər bağışlayır. Yeni aktyor özü də eyni hissləri yaşayıb:

“İlk dəfə səhnəyə çıxanda düşündüm ki, doğrudanmı bu mənəm, doğrudanmı səhnəyə çıxmışam?”

Xəqani serebral iflic diaqnozuna baxmayaraq, heç vaxt cəmiyyətdən qaçmayıb. Həmişə işləməyə çalışıb və fiziki məhdudiyyətini özü üçün problemə çevirməyib. O, ümumiyyətlə inanır ki, qüsursuz insan olmur.

13 yaşlı Zəkiyev Rəsul isə artıq 2 ilə yaxındır aktyorluq edir. Ayaqlarını itirən Rəsul uşaqlıqdan aktyor olmaq istəyib. Səhnədə həyəcan keçirməkdən qorxmasına baxmayaraq, pərdələrin qalxdığı ilk andan özünü işıqlar altında çox rahat hiss edib və indi səhnəni tərk etməyi ağlına belə gətirmir.

Fiziki məhdudiyyətdən musiqi ilə qurtulan gənc müğənni>>

“Oyuq” studiyası bu cür tamaşaların sayını çoxaltmaq əzmindədir. Onlar dayanmaq haqqında düşünmürlər və növbədə bizi yeni inklüziv tamaşalar gözləyir.