İDMAN

AVRO-2020 koronavirusa görə təxirə salınacaq? İddialara cavab gəldi

Çeferinin qarşısında mühüm seçim durur, belə ki, koronavirus Avropada sürətlə yayılır, turnir isə iyunun 12-dən iyulun 12-dək keçirilməlidir
Sputnik

BAKI, 12 mart — Sputnik. İtaliya mediası iddia edir ki, əksər ölkələr UEFA-ya müraciət edərək futbol üzrə 2020-ci ilin Avropa Çempionatını növbəti yayadək təxirə salmağı xahiş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, belə bir iddianı "Tuttosport" nəşri yayıb.

Britaniyanın "The Sun" nəşri isə qeyd edir ki, UEFA Prezidenti Aleksander Çeferinin qarşısında mühüm seçim durur, belə ki, koronavirus Avropada sürətlə yayılır, turnir isə iyunun 12-dən iyulun 12-dək keçirilməlidir. 

Lakin "The Sun" bildirir ki, UEFA rəsmisi AVRO-2020 ilə bağlı yayılan iddiaları artıq təkzib edib: "Biz turniri təxirə salmaqla bağlı milli assosiasiyalardan heç bir xahiş almamışıq".

Bu yay AVRO-2020 turnirin 60 illik yubileyini qeyd etmək üçün 12 fərqli ölkədə oynanılacaq.

İtaliya ev sahibi ölkələrdən biridir və oyunlar Romada keçiriləcək. Lakin koronavirusa görə bütün ölkə tam təcrid olunub. Bununla bağlı olaraq bütün ictimai tədbirlər qadağa edilib, kinoteatrlar, idman zalları və pablar bağlanıb, dəfn mərasimləri və toylar ləğv edilib, eləcə də "A Seriyası" da daxil olmaqla, bütün idman tədbirləri dayandırılıb. Çərşənbə axşamı açıqlanan son rəsmi məlumatlara görə, İtaliyada koronavirusdan daha 196 nəfər dünyasını dəyişib. Beləliklə İtaliyada "COVID-19" qurbanlarının sayı 827-ə çatıb. Yoluxmuş 12462 nəfərdən 1045-i sağalıb.