İDMAN

İspan futbolçular İtaliyaya, italyanlar isə İspaniyaya getmirlər - Səbəb...

Bununla bağlı UEFA-ya və İspaniya Futbol Federasiyasına müraciət etmişik. Koronavirusun episentrinə getmək istəmirik.
Sputnik

BAKI, 11 mart — Sputnik. İspaniyanın "Xetafe" klubu Avropa Liqasının 1/8 final mərhələsinin "İnter"lə ilk matçı üçün İtaliyaya getməmək qərarına gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu klub prezidenti Anxel Torres İspaniya mətbuatına açıqlamasında söyləyib. O, İtaliyada koronavirus epidemiyasının geniş yayıldığı üçün komandanı riskə atmaq istəmədiyini bildirib. Klub rəhbəri hətta texniki məğlubiyyətə də razıdır:

"Vəziyyət kəskin dəyişməsə, "Xetafe" İtaliyaya getməyəcək. Bununla bağlı UEFA-ya və İspaniya Futbol Federasiyasına müraciət etmişik. Koronavirusun episentrinə getmək istəmirik. Federasiyaya müraciət etmişik ki, bizi cəzadan yayındırsınlar.

Texniki məğlubiyyət versələr də, qoy, versinlər. Mən riskə getməyə hazırlaşmıram. İstəmədiyim yerə getməyəcəyəm. "İnter"in nümayəndələri də oraya getməyimizin yolverilməz olduğunu başa düşdülər".

Qeyd edək ki, sabah keçirilməsi nəzərdə tutulan "İnter" – "Xetafe" matçının azarkeşsiz oynanılmasına qərar verilib. Oyunun baş tutub-tutmaması isə sual altındadır.

Sabah Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Sevilya" ilə qarşılaşmalı olan "Roma" da İspaniyaya gedə bilməyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniya hökumətinin koronavirusa görə İtaliyadan gələn təyyarələrə eniş icazəsi vermədiyinə görə səfər baş tutmayıb. "Sevilya" - "Roma" oyunu Bakı vaxtı ilə 21:55-də start götürməli idi.