SƏHİYYƏ

İlan vuran ala çatıdan qorxar – Səbəb başqadır, amma vahimə yaranıb

Valideynlər arasında peyvəndin yeni yayılmış koronavirusa görə aparıldığı barədə də söz-söhbət dolaşır, səbəb isə başqadır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Bakıda valideynlərə övladlarını polikilinikaya gətirərək müayinədən keçirmək, peyvənd etdirməklə bağlı xəbərdarlıqlar edilir. Sputnik Azərbaycan-a bu barədə adının çəkilməsini istəməyən valideynlər məlumat verib.

Qripin "əlifba"sı ilə peyvənd üst-üstə düşməyəndə - "İmmunitet yarada bilməz"

Onların sözlərinə görə, dünəndən etibarən polikilinikalarda çalışan tibb bacıları valideynlərə bu barədə xəbərdarlıq ediblər. Səbail rayonu, 20-ci sahədə, Salyan yolu 22 ünvanında tibb bacıları valideynlərə bildiriblər ki, uşaqlar qeydiyyata alınır. Daha sonra müayinə olunaraq peyvənd olunacaq. Valideynlər arasında peyvəndin yeni yayılmış koronavirusa görə aparıldığı barədə də söz-söhbət dolaşır.

Sputnik Azərbaycan mövzunu araşdırmaq üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ilə əlaqə saxlayıb. A. Əliyeva bildirib ki, hər il yaz fəslində uşaqlar arasında təmizləyici immunizasiya aparılır: "Biz hər il yaz fəslində valideynlərə uşaqlarını peyvənd etdirmək barədə xəbərdarlıq edirik. Ərazi üzrə polikilinikalarda çalışan tibb bacılarının hərəsi öz sahəsi üzrə valideynləri övladlarını peyvəndə dəvət edir. Biz uşaqları təkrar peyvənd etmirik. Əgər uşaq peyvənd təqviminə görə hansısa peyvənddən, qızılca yaxud məxmərəkdən kənarda qalıbsa, həmin uşaqlar vaksin edilir. Çalışırıq ki, uşaqlar arasında peyvənd təqviminə görə vaksindən kənarda qalan olmasın. Uşaqlar peyvəndlə tam əhatə olunsun. Bunun koronovirusla heç bir əlaqəsi yoxdur. Çünki koronavirusa görə peyvənd hələ yoxdur".

Əlaqə saxladığımız uşaq polikilinikalarından isə bu xəbərdarlıqların icbari tibbi sığortanın tətbiqi ilə bağlı olduğunu söylədilər. Səbail rayonu 15 saylı uşaq polikilinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar qeydiyyatdan kənar qalan uşaqlar polikilinikalarda qeydiyyata alınır. Həmin uşaqlar müayinədən keçirilərək ərazi üzrə qeydiyyata salınacaq. 

Koronavirus əleyhinə peyvənd hazırlandı
Tibb müəssisəsindən həmçinin qeyd etdilər ki, gələcəkdə peyvənd təqvimindən kənarda qalan uşaqlar da peyvənd ediləcək. Hazırda valideynlərə xəbərdarlıq sırf uşaqların ərazi üzrə qeydiyyata alınması ilə bağlıdır".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, uşaqların qeydiyyata alınması ailə pediatrlarının təhkim olunması ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, vətəndaşın tibbi xidmət üçün ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır. Hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə isə 800-ə qədər uşağın təhkim olunması nəzərdə tutulmuşdu.