Bir vaxtlar dövrünün sayılıb-seçilənlərindən olan Şadlı İsgəndərə məxsus olan bu dəyirmanı hazırda onun nəvələri işlədir. Kürəkçaydan ayrılan suyun işə saldığı dəyirman heç bir elektrik enerjisi sərf etmədən 50 kiloqram buğdanı 1 saata üyüdür.
Dəyirmançı Tağı Tağıyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə müsahibəsində su dəyirmanına olan böyük maraqdan danışıb. Ukrayna və Rusiyadan xüsusilə bu dəyirmanda üyüdülən unu almaq üçün gələnlər olub. Azərbaycanda isə ən çox Bakı və Gəncə şəhərlərindən sifarişlər olur.
“Ən çox həkim məsləhəti ilə gəlirlər. Bir çoxuna hər cür müalicə aldıqdan sonra son çarə kimi su dəyirmanında üyüdülən taxılın unundan istifadə etməyi məsləhət görürlər. Buna görə də, bu dəyirmanın gəliri olmasa da, onu bağlamayacağam”, - deyə dəyirmançı bizimlə bölüşüb.
Tağıyev dəyirmanı işlətməkdə mənfəət güdmür, çünki əsasən həkim məsləhətilə müalicəvi un tələb olunan zaman işə salınır. Bu səbəbdən buğdalarını üyüdənlərə də qiymət oxumur. 50 kq un üyütdüyünə görə 5, 3, 2 manat aldığı vaxtlar olur. Elə vaxtlar da olur ki, imkanı olmayanlardan bir qəpik belə götürmür. Babasının vəsiyyət etdiyi kimi.