Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 mart — Sputnik. Dünən Təhsil nazirinin müavini İdris İsayev məktəblərdə boş keçən dərs günləri ilə bağlı açıqlama verib. O, bildirib ki, koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq.
İ. İsayev deyib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək. Nazir müavini, həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb-uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək: "Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılması ilə bağlı fikirlər mövcud deyil".
Sputnik Azərbaycan-ın dərs saatlarının uzadılmasının necə həyata keçiriləcəyi barədə Təhsil Nazirliyinə ünvanladığı sorğusuna rəsmi cavabında bildirilib ki, hazırkı vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur: "Buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur".
Dost ölkə virusa görə Azərbaycanı siyahıya saldı: Reyslər və icazələr dayandırılır
Nazirlikdən həmçinin bildirilib ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart 2020-ci il tarixlərində müvəqqəti dayandırılıbdır: "Həmin müddətdə (3-9 mart 2020-ci il tarixlərində) pedaqoji və tədrisə yardımçı heyətin məktəbdə olmasına ehtiyac yoxdur. Yalnız məktəbdə aparılacaq tibbi-profilaktik və dezinfeksiya işlərinə cəlb olunan texniki heyət məktəbdə müvəqqəti ola bilər. Novruz bayramı ilə əlaqədar istirahət günləri (20-24 mart) həm də bütün təhsil müəssisələrinə aiddir. Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr hazırlanıb. Həmin tövsiyələr yerli təhsili idarəetmə orqanları, həmçinin sosial media vasitəsilə pedaqoji kollektivlərə və valideynlərə çatdırılıb".