BAKI, 4 mart — Sputnik. Britaniya kəşfiyyatının agenti Ceyms Bond haqda çəkilmiş "Ölmək vaxtı deyil" filminin premyerası yaz aylarından noyabradək təxirə salınıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, buna səbəb koronavirusun getdikcə daha çox yayılmasıdır.
"Agent 007"nin fanatları özlərinin MI6-hq.com saytında prodüser şirkətlərinə müraciət ünvanlayaraq koronavirusun yayılması səbəbindən yeni filmin Böyük Britaniyada premyerasını başqa vaxta keçirməyi xahiş etmişdilər.
"MGM, Universal studiyaları və "Bond"un prodüserləri Maykl Uilson və Barbara Brokkoli bu gün elan etdilər ki, dünya kino prokatında şəraitin öyrənilərək qiymətləndirilməsindən sonra "Ölmək vaxtı deyil" filminin buraxılışı 2020-ci ilin noyabrınadək təxirə salınır", - filmin Twitter-dəki rəsmi hesabında deyilir.
Məlumata görə, Böyük Britaniyada filmin ilk baxışı noyabrın 12-nə planlaşdırılıb, sonra isə başqa ölkələrdə göstəriləcək. ABŞ-da bu filmi ilk dəfə noyabrın 25-də göstərəcəklər.