BAKI, 28 fevral — Sputnik. Kanadanın Konkordiya Universitetinin alimləri aşkar ediblər ki, piylənmə vaxtından tez qocalmanın formasıdır və insanın ömrünü gödəldir.
Sputnik Azərbaycan bildirir ki, piylənmə epidemiyası barədə məqaləni Science Alert dərc edib.
Mütəxəssislər piylənmənin orqanizmə molekulyar və hüceyrə səviyyəsində, eləcə də immun sisteminə, koqnitiv və digər funksiyalara təsirinə həsr olunmuş 200-dən çox elmi işi araşdırıblar. Məlum olub ki, artıq çəki insanlarda qocalma ilə əlaqəli xroniki xəstəliklərin erkən yaşlarda yaranmasına səbəb olur. Alimlər hesab edirlər ki, piylənmə nəinki qocalmanı tezləşdirir, o, həmçinin qocalmanın bir formasıdır, çünki hər iki halda eyni bioloji mexanizmlər işə düşür.
Piylənmə mitoxondrilərin vaxtından əvvəl disfunksiyasına, sistem iltihabına, immun sisteminin zəifləməsinə yol açır.
Mütəxəssislər hesablayıblar ki, bütün dünyada iki milyarddan çox insan piylənmədən əziyyət çəkir. Eyni zamanda xəstələnmə faktları 1975-ci ildən etibarən 3 dəfə, uşaq və yeniyetmələrdə isə 10 dəfə artıb.