BAKI, 26 fevral — Sputnik. "Böyük Dəbilqə" turnirinin beşqat çempionu Mariya Şarapova karyerasının başa vurduğunu elan edib. 32 yaşlı tennisçinin idmana vida essesini "Vanity Fair" jurnalı dərc edib.
"Bildiyin yeganə həyatla necə vidalaşmaq olar? Uşaqlıqdan məşq etdiyin o kortları, hamıdan gizli olan göz yaşlarını və təsviredilməz sevinci gətirən o sevimli oyunu necə tərk etmək olar?... Əlvida, tennis", – Şarapova "Instagram" paylaşımında yazıb.
Şarapova beş "Böyük Dəbilqə" və bir "WTA" yekun turniri də daxil olmaqla, tur səviyyəsində 36 titulun sahibidir. O, 2012-ci il Olimpiadasında gümüş medal qazanıb.
Şarapova uzun illər boyu çiyin travması ilə mübarizə aparıb. 2008-ci ildə hətta travmasına görə əməliyyat olunub. 2016-2017-ci illərin dopinq diskvalifikasiyasından sonra Şarapovanın fiziki problemləri intensivləşib və o, demək olar ki, oynamayıb. 2019-cu ildə Şarapova 15 matç keçirib, onlardan yeddisində uduzub.