BAKI, 25 fevral — Sputnik. Yeni ilin başlaması ilə dünyanı həyəcanda saxlayan epidemik xəstəliklərin yayılmasında əldən-ələ ötürülən nağd pulların da rolu var və onların təmizlik prosesinə cəlb edilməsi gündəmdədir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Mastercard-ın rəhbərliyi ilə Oxford Universitetinin alimləri tərəfindən Avropanın 15 ölkəsində aparılan araşdırma nəticəsində nağd pulların üzərində yaşayan bakteriyalar aşkara çıxarılıb. Elmi sınaqlar pul əskinaslarının üzərində 26 mindən çox bakteriyanın olduğunu sübuta yetirib. Onların arasında tənəffüs və sidik yollarında infeksiyaya səbəb olan bakteriyalar da var.
Bildirilib ki, son zamanlar epidemik xəstəliklərin bütün dünyada narahatlıq yaratması, həmçinin virus, mikrob və bakteriyaların yayılmasında nağd pulun rolunun gündəmə gəlməsi ilə bəzi ölkələr nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsi prosesinə başlayıb. 2013-cü ildə Mastercard və Oxford Universiteti tərəfindən həyata keçirilən araşdırmada isə Avropadakı ortalama bir əskinasın üzərində sağlamlığa zərər vermə potensialına sahib 26 min bakteriyanın mövcud olduğunu aşkarlanıb. Eyni araşdırmaya görə, hətta ən yeni əskinasın üzərində belə orta hesabla 2400 bakteriya var və onlar tənəffüs və sidik yollarının infeksiyasına səbəb ola bilər. ABŞ-da aparılmış müstəqil bir araşdırmaya görə isə soyuqdəymə kimi bir xəstəliyə yoluxmuş birinin toxunduğu pulda viruslar 12 gün boyunca yaşayır.
Oxford Universitetinin Mühəndislik üzrə Professoru Aym Tompson araşdırmayla bağlı deyib: "Avropalıların pulun çirkli olduğu barədə fikirləri səbəbsiz deyil. Daha öncə həyata keçirilən çalışmalar insanlarda xəstəliyə səbəb ola bilən və zərər vermək potensiyalına sahib Klebsiella və Enterobacter kimi bakteriya növlərinin yayıldığını müəyyən edib.
Belə ki, İngiltərənin Baş Tibbi İşçisi və Səhiyyə Nazirliyinin Baş Elmi Məsləhətçisi Salli Deyvis də antibiotiklərə müqavimət göstərən bakteriya növlərinin getdikcə artan bir təhlükə yaratdığını bildirib. Pul əskinaslarına çox sayda insan əlinin dəydiyini nəzərə alsaq, antibiotiklərə müqavimət göstərən bakteriya növlərinin yayılmasında pulun rolunu araşdıran bir çalışma həyata keçirilməsi məntiqli olar".
Məlumatda qeyd olunur ki, Avropanın ən vasvası olanlar türklərdir. Qeyd olunub ki, avropalılar arasında nağd pulun çirkli olmasına ən çox inananlar da türklərdir. Türklərin 86 faizi nağd pulun gigiyenik olmadığını düşünür, 40 faizi isə pula toxunduqdan sonra mütləq şəkildə əllərini yuyur. Bu faiz göstəricisi qadınlarda 45 faizə, yaşı 55-dən çox olanlarda isə 48 faizə çatır. Onların qənaətinə görə, nağd pul ümumi tualetlər qədər çirklidir. Pulun çirkli olmasına inam qadın istehlakçılar arasında 91 faizə çatır.
Araşdırmaya qatılan türk istehlakçılarının 88 faizi başqasının diş fırçasını istifadə etməyi və ümumi tualetləri "çirkli" olaraq qeyd edir. Bundan sonra isə, yəni türklərin 86 faizi nağd pulla təmas zamanı mikrobların daha çox olduğunu qeyd edirlər. Növbəti sırada isə onlar salfet paylaşmağın, ictimai nəqliyyat vasitələrinin, qapı dəstəklərinin, bilet kassaları və avtomat maşınların gigiyenik olmadığını qeyd edirlər.
Türk istehlakçıların 66 faizi Avropadakı digər istehlakçılardan fərqli olaraq təmassız kartlara üstünlük verəcəklərini deyir. Onların 63 faizi kredit kartı, 41 faizi onlayn ödəmə, 26 faizi isə mobil ödəməyə üstünlük verəcəklərini deyirlər.