Koronavirus qurban tələb edir: Çin, İran və İtaliyadan son məlumatlar

Pekin 2 663 ölüm faktı haqqında məlumat verib. Seul isə yoluxmuşların sayının 893-ə çatdığını deyib.
Sputnik

BAKI, 25 fevral — Sputnik. Çin çərşənbə axşamı 508 yeni koronavirusa yoluxma faktı barədə məlumat yayıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Çin Xalq Respublikasında 71 nəfər xəstəlikdən ölüb. Ölümlərdən 68-i epidemiyanın mərkəzi olan Uhan şəhərində qeydə alınıb. 

Orta məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı

Beləliklə, son məlumatlara görə, Çində 77 658 yoluxma halı və 2 663 ölüm faktı qeydə alınıb.

Çərşənbə axşamı Cənubi Koreya koronavirusa əlavə 60 nəfərin yoluxduğunu və xəstələrin ümumi sayının 893-ə çatdığını açıqlayıb. Cənubi Koreya yoluxma hallarının sayına görə Yaponiyanı arxada qoyub. Xatırladaq ki, bir müddət öncə Yaponiya sahillərində yan almış "Diamond Princess" kruiz gəmisinin sərnişinləri və ekipaj üzvləri arasında koronavirusa yoluxmuşlar aşkar edilib. Çərşənbə axşamı Yaponiya gəminin dördüncü sərnişinin xəstəlikdən öldüyünü bildirib.

Cənub qonşumuz İranla bağlı isə müxtəlif məlumatlar yayılmaqdadır. Belə ki, bir müddət öncə "ILNA" xəbər agentliyi Qum şəhərində yeni koronavirusdan 50 nəfərin öldüyü barədə xəbər verib. Bu rəqəm İranın bundan əvvəl açıqladığı rəqəmləri üstələyir. Lakin İran rəsmiləri bu məlumatı təkzib ediblər. Belə ki, "Reuters" agentliyi rəsmi mənbələrə istinadla koronavirusdan 14 nəfərin öldüyünü bildirir. Ölkədə xəstəliyə 61 nəfər yoluxub.

ÜST SOS verdi: Virus Çin xaricində sürətlə yayılır, ölənlər var

İtaliyada isə koronavirus artıq 7 nəfərin ölümünə səbəb olub. Media xəbər verir ki, ölkənin ən azı 6 şimal vilayətində koronavirusa görə məktəb və universitetləri bir həftəlik bağlanıb. Hökumət eləcə də əhalini ehtiyac olmadığı təqdirdə işə getməməyə və küçəyə çıxmamağa çağırıb.