BAKI, 25 fevral — Sputnik. Sovet İttifaqı marşalı Dmitri Yazov Moskvada vəfat edib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Sovet İttifaqının Marşalı Dmitri Timofeyeviç Yazov fevralın 25-də Moskvada uzun sürən ağır xəstəlikdən sonra 96 yaşında vəfat edib", - Nazirliyin yaydığı məlumatda bildirir.
Yazov Sovet İttifaqında marşal rütbəsi verilmiş sonuncu hərbi rəis olub. O, Böyük Vətən Müharibəsi illərində göstərdiyi igidliyə görə "Qızıl ulduz" ordeninə layiq görülüb.
1987-ci ildən 1991-ci ilə qədər SSRİ-nin müdafiə naziri postunu tutub. Onun rəhbərliyi dövründə sovet qoşunları Əfqanıstan ərazisindən çıxarılıb.
Yazovun dəfni fevralın 28-də Mıtişi federal hərbi memorial qəbiristanlığında həyata keçiriləcək.
Dmitri Yazov 8 noyabr 1924-ci ildə Omsk vilayətinin Yazovo kəndində kəndli ailəsində anadan olub. 1942-ci ildə hərbi məktəbi başa vurandan sonra xidmətə yollanıb. 1942-ci ilin iyulundan 1945-ci ilin mayına qədər Voloxovsk və Leninqrad cəbhəsində tağım komandiri olub. Müharibədən sonra də hərbi karyerasını davam etdirib.
1991-ci ildə QKÇP-ni dəstəklədiyi üçün həbs olunub, sonra amnistiya əsasında azadlığa çıxıb.
Yazov Azərbaycan xalqının yaddaşında 1990-cı il yanvarın 20-də Bakıda və ölkəmizin başqa bölgələrində törədilmiş qanlı cinayətlərin aparıcı icraçılarından biri kimi qalıb.