Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 23 fevral — Sputnik. "Rusiya Keyfiyyət Sistemi" şirkəti ("Roskaçestvo") pörtlədilmiş ət konservlərində ("tuşonka") antibiotiklər və at DNT-si aşkar edib. Təşkilatın yaydığı məlumata görə, ekspertlər tərəfindən Rusiyada istehsal olunan 23 ticarət markasının məhsulları yoxlanılıb və məlum olub ki, 5 ticarət markasının məhsullarına antibiotiklər qatılıb. Mal əti konservlərinin 6 markasında donuz, üçündə toyuq, birində isə at DNT-si aşkarlanıb. Tədqiqat zamanı 7 markada ət bulyonunun 50 faiz su ilə qarışdırıldığı üzə çıxıb.
Rusiyadan Azərbaycana bu cür məhsullar idxal edildiyinə görə problem ölkəmiz üçün aktualdır. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən il ərzində Rusiyadan ölkəmizə 9 639 min ABŞ dolları dəyərində 4 min tonadək konservləşdirilmiş ət, balıq, toyuq məhsulları gətirilib. Maraqlıdır, Rusiyadan ölkəmizə gətirilən məhsullar arasında belə keyfiyyətsizləri varmı?
Qida üzrə ekspert İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "At əti təhlükəli olsaydı, Asiya qitəsinin bir çox ölkələri ondan delikates kimi istifadə etməzdilər. Sadəcə olaraq bizdə müsəlman adətlərinə, yanaşmalarına görə, bu ətin, ondan hazırlanan konservləşdirilmiş məhsulların satışı, istehlakı olmur. Lakin konservləşdirilmiş məhsullarda mümkündür ki, at ətindən də istifadə olunsun. Bunun heç bir təhlükəsi yoxdur. Sadəcə olaraq bu haqda malın etiketində məlumat olmalı, istehlakçı nə aldığını bilməlidir".
"Məhsula sertifikatı, gigiyenik sənədləri, satışına icazəni verən müəssisələrin üzərinə düşən yük, vəzifədir ki, etiketdəki məlumatların düzgün çatdırılmasını təmin etsinlər. Biz bu məsələyə qarışa bilmərik. Sadəcə olaraq onu deyə bilərik ki, at ətinin hansısa məhsulun tərkibində olmasının heç bir təhlükəsi yoxdur", - deyə o əlavə edib.
"Bəs Rusiyadan, eləcə də digər ölkələrdən Azərbaycana gətirilən bu cür məhsulların etiketlərində bütün məlumatlar yer alırmı?" sualına cavab olaraq isə ekspert bunları deyib: "Etiketdə konservin hansı ət məhsulundan hazırlandığı haqda yazılır. Lakin nə qədər hissəsində başqasından istifadə olunduğu qeyd olunmur. Əslində etiketləşmədə standartlar bunu tələb edir. Biz bir məhsulun DNT-sini çıxartmadan deyə bilmərik ki, onun tərkibində at əti var. Bu işlər ciddi maliyyə tələb edən məsələlərdir. Bu, yalnız ehtiyac olduqda aşkarlanır".
Yerli biznesmenləri sevindirən qadağa: bir məhsula dörd-beş qiymət qoya bilirlər>>
İ.Əhmədov qapalı şəkildə ölkəmizə gətirilən bu məhsulların təhlükə mənbəyi olub-olmayacağı haqda isə bunları deyib:
"Xüsusi müəssisələrdə müxtəlif növdə konservlər istehsal olunur. Onların tərkibinin bütün göstəricilərini təyin etmək üçün metodikalar var. Belə olmasaydı, bu məhsulları istehlak üçün satışa çıxarmaq olmazdı".
Onu da qeyd edək ki, "Rusiya Keyfiyyət Sistemi" şirkəti konservlərin tərkibində kif, maya, patogen mikroorqanizmlər, bakteriyalar tapılmadığı üçün ət konservlərini təhlükəsiz hesab edib. Bu isə Rusiyadan gətirilən belə məhsullardan insan sağlamlığına heç bir təhlükənin olmaması deməkdir.