CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb direktorlarının fırıldağını bu sistem üzə çıxaracaq

"Bəzən məktəb direktorları başqa məktəblərə köçürülən, məktəbi yarımçıq tərk edib erkən ərə gedən, yaxud da başqa peşə məktəbində oxuyan şagirdlərin sayını gizli saxlamağa çalışırlar"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Artıq bir müddətdir ki, Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) proqramı tətbiq olunur. Bu sistemin əhəmiyyəti böyük olsa da, praktiki olaraq tətbiqində bir sıra çatışmazlıqlar mövcud idi. Bu günlərdə Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova öz açıqlamasında bildirib ki, Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (UTİS) verilən məlumatlar düzgün olmasa, həmin təhsil müəssisəsi cəzalandırılacaq. Onun sözlərinə görə, yerlərdə təhsil müəssisələri UTİS-ə ikinci iş kimi baxırlar: "Orada olan məlumatların dolğun və düzgün olmasının vacibliyini anlamırlar. Məlumatlar dəqiq olmalıdır, məsələn, səhv edilsə, bu, kiminsə əmək haqqı ödənildiyi zaman ortaya çıxacaq".

N.Səfərova qeyd edir ki, UTİS-də bütün statistik məlumatlar toplanıb:

"Bu sistem 3 əsas bölmədən ibarətdir: şagirdlər, müəllim heyəti, müəssisələr. 2015-ci ildə bu sistem ilk tətbiq olunanda məlumatlar əllə daxil edilirdi. Amma illər keçdikcə sistem təkmilləşdirilib, məlumatların köhnə qayda ilə yerləşdirilməsi minimuma endirilib, indi texniki baxımdan daha müasir, çevik proqramla məlumatlar oraya inteqrasiya olunur. Məsələn, birinci sinfə qəbul, şagirdlərin yerdəyişməsi ilə bağlı və digər məlumatlar bu sistemdə yer alıb".

N.Səfərova onu da əlavə edib ki, bu il UTİS-ə yeni sistemlər də qoşulacaq: "Problemlər çoxdur bu sahədə, ən əsası isə peşəkar kadrların bu işdə çalışmasına nail olmaqdır. Biz çox çalışdıq ki, maarifləndirmə yolu ilə məlumatlandıraq. Amma yerlərdə təhsil işçiləri anlamadığına görə, məcburuq digər üsullara əl ataq. Təhsil Nazirliyi tərəfindən bütün təhsil müəssisələrində yoxlamalar aparılacaq. Bu ildən etibarən UTİS-də hər hansı məlumat səhv olduğu təqdirdə həmin şəxslər məsuliyyətə cəlb olunacaq və ya tənbeh ediləcəklər. Biz bunu etməliyik, çünki sistemlər arasında bağlılıq olduğuna görə burada məlumatlar dürüst olmalıdır. Təsəvvür edin, əgər bunun qarşısını almasaq, hansısa müəllim əmək haqqını düzgün almaya bilər. Yaxud şagird Dövlət İmtahan Mərkəzinə məlumatlar ötürəndə onun qiymətləri səhv göstərilə bilər".

Uzaqda olmayan gələcək – Geridə qalmamaq üçün strateji plan hazırlanmalıdır

Sputnik Azərbaycan ümumtəhsil müəssisələrinin UTİS-ə səhv məlumatlar ötürməsinin hansı məqsədlərə xidmət etdiyini araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, UTİS çox əhəmiyyətli proqramdır: "UTİS proqramının yaradılmasında məqsəd ümumtəhsil müəssisələrinin elektron bazasını formalaşdırmaqdır. Bu proqramın tətbiqi nəticəsində ümumtəhsil məktəblərinin maddi bazası, sinif komplektləri, kitabxana fondları, laboratoriyaları, həmçinin şagird kontingenti, şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar, müəllimlərin təhsili, cari iş fəaliyyəti və digər bu kimi məlumatları əhatə edən elektron məlumat bazası yaradılıb.

Amma çox təəssüf ki, bəzən məktəblərdən UTİS-ə məlumatlar yanlış ötürülür. Bunda da məqsədlər müxtəlifdir. Bəzən məktəb direktorları başqa məktəblərə köçürülən, məktəbi yarımçıq tərk edib erkən ərə gedən, yaxud da başqa peşə məktəbində oxuyan şagirdlərin sayını gizli saxlamağa çalışırlar. Çünki məktəbdə təhsil alan şagirdlərin sayının azaldığını gizlətmək istəyirlər. Bilirlər ki, şagird sayı 100-dən az olanda o məktəb bağlana bilər".

K.Əsədov deyir ki, bundan başqa, UTİS sistemi şagirdin illər üzrə qiymət cədvəlini də izləməyə imkan verir:

"Hər bir valideyn bu sistemə daxil olaraq övladının qiymət jurnalını izləyə bilər. UTİS-də şagirdlərin qiymətində dəyişikliyi açıq şəkildə görmək olur. Tutaq ki, şagird il boyu dərslərindən və yaxud da böyük summativ qiymətləndirmədən aşağı qiymət alıb. Bu məlumatlar sistemdə dəqiq öz əksini tapmalıdır ki, birdən-birə ilin sonunda illik qiyməti yüksək olan şagirdlərin nəticələri arasında fərq açıq şəkildə görünsün. Amma bəzən məktəblərdə bu qiymətləri sistemə daxil etmirlər".

O ki qaldı UTİS-də hər hansı məlumat səhv olduğu təqdirdə həmin şəxslərin məsuliyyətə cəlb olunacağına və ya tənbeh ediləcəyinə, K.Əsədov deyir ki, Əmək Məcəlləsinə uyğun olaraq, həmin bu sistemə səhv məlumat verənlər bu hərəkətlərini təkrarlasalar, işdən kənarlaşdırıla bilərlər: "İnzibati Xətalar Məcəlləsinə görə isə, həmin şəxslər 500 manatdan 3000 manata görə cərimələnməlidirlər. Amma bunu təhsil müəssisələrinə şamil etmək olmaz. Çünki bu halda direktor yox, məktəb cərimələnəcək. Məktəb isə dövlət təhsil müəssisəsi olduğundan onun cəriməsini ödəmək də elə Təhsil Nazirliyinin boynunda qalır".