CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakını iflic edən problem – Artıq məsələ ən yüksək səviyyədə nəzarətə götürülüb

Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, şəhərdəki tıxacların, problemlərin əsas səbəbi parklanma yerlərinin az olmasıdır 
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Bakıda nəqliyyatın problemləri o yerə çatıb ki, buna artıq ən yüksək səviyyədə reaksiya verilir. Ölkə başçısının bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimlini qəbul edərkən paytaxtda sürücülərin ən çox narazı qaldığı parkinq probleminə toxunması da vəziyyətin necə ciddi olduğunu göstərir.

Bakı Nəqliyyat Agentliyindən daşıyıcılara xəbərdarlıq

Qeyd edək ki, V.Kərimli prezidentin qəbulunda olarkən avtomobillərin qeyri-qanuni parklanmasının ictimai nəqliyyatın hərəkətinə mane olduğunu söyləyib: "Avtomobillər yolda qeyri-qanuni park etdiyinə görə, avtobusların hərəkəti üçün çətinliklər yaradır. Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur. Amma Bakı paytaxt şəhərimizdir. Bütün ölkələrin paytaxt şəhərlərində olduğu kimi, bizdə də insanlar avtomobillərini istədikləri yerlərdə park edə bilməzlər. Çünki əsas ictimai nəqliyyatdır. Biz gün ərzində 2 milyon 200 sərnişin daşıyırıq. Sakinlər, əsasən, ictimai nəqliyyatdan istifadə edirlər. Ona görə, sizin tapşırığınıza əsasən, biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq".

Prezident İlham Əliyev isə bildirib ki, burada da hər şeyə ədalətli yanaşılmalıdır: "Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır".

Sputnik Azərbaycan da paytaxtda parkinq probleminin aradan qaldırılması yollarını arayıb.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakıda parkinq probleminin müxtəlif səbəblərdən qaynaqlandığını söyləyib. Ekspert bildirir ki, bu problemi qısa zamanda həll etməyə mane olan çox ciddi çətinliklər var: "Prezidentimiz sağ olsun ki, bu məsələyə toxunaraq obyektiv fikir söylədi. Doğrudan da Bakıda parkinq problemi sürücülərin ən ağrılı yeridir. BNA qanunsuz parklanmaya görə sürücüləri cərimə edir, sürücülər isə parklanma üçün Bakının əksər hissələrində yer olmadığını əsas gətirirlər. Sürücülərə ötən il qanunsuz parklanmaya görə xeyli cərimə yazılıb. Burada düşünülməli olan məqamlar var. 

Bakıda tıxac olmasın deyə tunellərdən biri genişləndiriləcək
Bu sürücülərin hər biri qanunu məqsədli şəkildə poza bilməz. Düzdür, onların arasında pulu olduğu üçün qanuna məhəl qoymayan, qanunsuz avtomobil park edənlər də var. Amma belə sürücülər cərimələnənlərin çox cüzi hissəsini təşkil edir. Ona görə də, düşünmək lazımdır ki, bu qədər sürücü qaydanı niyə pozub? Təbii ki, burada əsas problem paytaxtda parklanma yerlərinin az olmasıdır".

E.Muradlı deyir ki, Bakı şəhərində inşa edilən yeni binaların 80 faizinin parkinqi yoxdur: "Çünki yeni tikililərin mütləq əksəriyyətində binanı inşa edən MTK-lar parklanma yerlərini qaraj adı ilə satırlar. Harada təzə bina istifadəyə verilirsə, orada parklanma ilə bağlı problemlər yaranır. Həmin binaların bir və ikinci mərtəbəsində ofis götürən sahibkarlar, yaşamaq üçün gələnlər avtomobillərini yolların kənarında saxlamaq məcburiyyətində qalırlar. Halbuki, 200 mənzilli yaşayış binasının 300 avtomobil tutumu olan parkı olmalıdır. Çox təəssüf ki, şadlıq evlərinin, restoran və digər iaşə obyektlərinin, ofislərin də parkinq üçün cəmi 5 avtomobil tutumu olan parkinq yeri var. Bu çox ciddi problemdir".

Yol nəqliyyat hadisələrinin elektron məlumat bazası yaradılacaq

Ekspert deyir ki, Bakıda son illər parklanma yerləri yaradılsa da, azlıq edir: "Məmurlar paytaxtda torpaqları elə satıblar ki, parklanma yerləri üçün yer qalmayıb. İndi gərək şəhərdə parklanma yerləri olmayan yerlərdə yeni parkinqlər yaratmaq üçün həmin ərazidə bəzi yaşayış və qeyri-yaşayış yerləri sökülə. Bunun üçün isə kompensasiyanın ödənilməsinə xeyli vəsait tələb olunur".

Qeyd edək ki, sürücülər qanunsuz parklanmaya qarşı mübarizə tədbirlərindən əksər hallarda narazı olsalar da, sərnişinlərin əksəriyyəti qanunsuz parklanmaya qarşı mübarizəni dəstəkləyirlər. Sərnişin Rasim Bayramov deyir ki, 88 saylı avtobus indiyədək axşam pik saatlarda Azadlıq prospektində tıxacda qalırmış: "Səbəb, prospekt boyunca yolun hər iki tərəfində qanunsuz parklanma idi. Biz problemlə bağlı BNA-a müraciət etdik. Həmin prospektdə qanunsuz parklanma yığışdırılandan, biz evimizə rahat gedə bilirik. Sürücülər narazılıq edirlər ki, parklanma üçün yer yoxdur. Amma biz sərnişinləri nəzərə almırlar ki, onların yolların kənarlarını zəbt etməsi üzündən saatlarla tıxacda qalırıq".

V.Kərimli prezidentin qəbulunda olarkən parkinqlərlə bağlı daha bir məsələni diqqətə çatdırıb. O bildirib ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunmalıdır. BNA sədri bunun üçün beynəlxalq məsləhət xidmətlərinin cəlb edildiyini bildirib: "Şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var". Onun sözlərinə görə, şəhərdə tıxac olan vaxtlarda yollar analiz edilməli, harada neçə yeraltı və küçə parkinqinin olduğu öyrənilməlidir. Bunlar da olmayan ərazilərdə, xüsusilə iri ticarət mərkəzlərinin olduğu, əhalinin sıx məskunlaşdığı ərazilərdə modul parkinqlərin tikilməsi və onların tariflərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılmalıdır: 

Bakıda kollapsa doğru: bir neçə günə daha çox tıxac gözləyək?
"Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. "B" zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb sizə təqdim edəcəyik".

E.Muradlı bunun çox vacib məqam olduğunu söyləyir. O deyir ki, fərqli tarif dünya praktikasında da var: "Öncə qeyd edim ki, bütün parklanma yerlərinin pullu olması düzgün deyil. Məsələn, Xəzər rayonunda hansısa məhəllədə parklanma yerlərinin pullu olması düzgün deyil. Bundan əlavə, Bakının Nizami küçəsi ilə Sabunçu rayonunda parkinqlərin qiyməti eyni ola bilməz. Pullu dayanacaqların da qiyməti ərazilərə görə fərqli olmalıdır".

BNA-dan isə ölkə başçısının parklanma yerləri ilə bağlı tapşırıqlarına uyğun olaraq işlərin davam etdiyini bildirdilər.