BAKI, 17 fevral — Sputnik. UEFA Çempionlar Liqasının ən yaxşı oyunçusu üçün mükafat təsis edib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb. Mükafat bu il ÇL-in 1/8 final mərhələsindən başlamaqla veriləcək.
Laureatları matçlarda iştirak edən UEFA-nın texniki müşahidəçiləri müəyyən edəcəklər. Müşahidəçilər kimi İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt, Belçika miliisinin baş məşqçisi Roberto Martines, İngiltərə millisinin (qadın) məşqçisi Fil Nevill, İrlandiya millisinin sabiq hücumçusu Robbi Kin, "Real"ın sabiq müdafiəçisi Aytor Karanka, İrlandiya millisinin sabiq qapıçısı Paki Bonner, İspaniya U-17 və U-19 millisinə Avropa çempionluğunu qazandıran Xines Melendes, avstriyalı məşqçi Villi Ruttenştayner daxildir.
Matçın ən yaxşı futbolçusu mükafatını oyundan dərhal sonra alacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlar sabah keçiriləcək. "Atletiko" Madrid "Liverpul"u qəbul edəcək. Digər qarşılaşmada isə Dortmundun "Borussiya"sı ilə PSJ üz-üzə gələcəklər.