BAKI, 15 fevral — Sputnik. Meksikada keçirilən Qarışıq Döyüş Növləri (MMA) üzrə idmançılar Daniel Veqa və Antonio Markes eyni vaxtda bir-birini nokdauna göndərib. Sputnik Azərbaycan xəbər verir ki, qarşılaşma “Lux Fight” liqasında baş tutub.
Görüntüləri əks etdirən video turnirin rəsmi "Twitter" səhifəsində yayımlanıb. Hadisə birinci raundun ortalarında baş verib. Hər iki döyüşçü eyni anda bir-birinə zərbə vuraraq, yerə yıxılıb. Amma nokdaun uzunmüddətli olmayıb və ayağa qalxan idmançılar döyüşü davam etdiriblər.
Sonda sevinən tərəf Veqa olub. O, indiyə qədər keçirdiyi qarşılaşmaların 11-də qələbə qazanıb, 2-də məğlub olub. Markes isə peşəkar karyerası dövründə ilk məğlubiyyətini alıb. Buna qədər idmançının aktivində 4 qələbə olub.
Qeyd edək ki, “Lux Fight” liqası Meksikanın Fronton şəhərində baş tutub.