Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. Bərdənin Kələntərli kəndi sözün həqiqi mənasında odlar diyarıdır. Burada yerləşən və təbiətin möcüzəsi sayılan altı quyuda elə isti su qaynayır ki, kibrit çəkib yaxınlaşdıranda od alır.
Sputnik Azərbaycan kənddə olaraq bulaqlar barədə məlumat əldə edib. Kələntərli kənd sakini İsmayıl Əliyev bildirir ki, bu quyular geoloji kəşfiyyat məqsədilə qazılıb. 1962-ci ildə Naxçıvandan Bərdəyə köçüb gələrkən onun 12 yaşı olub. Gəldiyi zaman da bu quyuları burada görüb.
İsmayıl Əliyevin sözlərinə görə, bu quyulardan vaxtilə müxtəlif vasitələr üçün istifadə edilib. Hətta kənddəki bacarıqlı bir ailənin quyulardan birindən qaz çıxararaq, evdə-məişətdə istifadə etdiyini deyir. Oradakı başqa quyular da müalicəvi əhəmiyyət daşıyır. Kənd sakinləri də dəri səpgiləri zamanı həmin mənbələrdən istifadə edirlər.
Həmsöhbətimiz bildirir ki, quyular sovet hökumətinin vaxtında ərazidə neft tapmaq, neft çıxarmaq məqsədilə qazılıb. Ancaq gözlənilmədən neft kəşfiyyatı işləri yarımçıq dayandırılıb. Səbəb də quyunun qazılması zamanı baş vermiş qəza olub. Həmin qəza vaxtı insan itkisi də qeydə alınıb. Quyunun dibinə istiqamətləndirilən boru istidən əyildiyindən sıradan çıxıb. İnsan itkisi və texniki uğursuzluq nəzərdə tutulan neft hasilatını həyata keçirmək planının üstündən xətt çəkib.
Kələntərli kəndinin ətrafındakı quyulardan biri haqqında məlumat verən İsmayıl Əliyev bildirib ki, əvvəllər həmin quyunun yaxınlığında toyuq ferması olub. Təsərrüfat müdiri bildirib ki, toyuqlar quyudan çıxan sudan içib qırılırmış. Toyuqların qırılmasının qarşısını almaq üçün quyunun ağzını bağlamaq qərarına gəlib, oraya böyük ağac çiv çalıb. Bundan sonra suyun qaynamasının qarşısı alınıb. Amma illər sonra quşçuluq ferması ləğv olunub, çiv də zamanın və suyun təsiriylə çürüyüb. İndi orada yenidən su qaynamağa başlayıb.
Quyunun hər yanı qırmızıya çalan rəngə boyanıb. Bu da onun tərkibində yüksək faizdə kükürd olduğunu sübut edir. Hədən artıq qaynar olan su dəri xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.
Suyun qaynadığı quyunun yanındakı gölməçədə isə neftə bənzər bulaşıq müşahidə olunur. Mütəxəssislər deyirlər ki, heç şübhəsiz bu da həmin ərazidə - dərinliklərdə neft yatağının olmasından xəbər verir.
Ən maraqlısı isə odur ki, kibrit çəkib yaxınlaşdıranda su alovlanır. Bu isə yerin dərin qatlarında qaz olduğunu və su ilə bərabər oradan az miqdarda da olsa qaz sızdığını göstərir.
Kələntərli kəndində gördüyümüz isti termal su mənbələri, qaz qarışığı ilə qaynaması, od atanda alovlanması bu yerin “odlar diyarı” adlandırılmasının nahaq olmadığını xatırladır.