CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aytmatovun "Cəmilə"si “Azdrama”nın səhnəsində

Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti – Qomuz vasitəsilə həmin xalqa məxsus etnik musiqilər səsləndiriləcək
Sputnik

BAKI, 14 fevral — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Cəmilə" povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanıb. Sputnik Azərbaycan xəbər verir ki, rejissor Anar Babalının quruluşunda​ gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi​ ​bu əsərin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru​ Əliqismət Lalayevdir.

Sumqayıt teatrında eyni vaxtda dörd tamaşa

Ə.Lalayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, hələ ötən il​ Qırğızıstanın Oş şəhərində keçirilən VII Beynəlxalq “ART – ORDO-2019" Teatr Festivalı çərçivəsində TÜRKSOY-a üzv ölkələrin teatr direktorları şurasının toplantısında iştirak edərkən "Cəmilə" tamaşasının bəzi məqamları ilə bağlı qırğızıstanlı həmkarları ilə müzakirələr aparıb və bu əsərin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurlu səhnə həlli tapacağı qənaətinə gəlib: "Realizm və romantizm elementlərinin birləşdiyi səhnə əsərinin süjet xəttində sadə insanın gözü ilə ümumbəşəri problemlərə zərgər dəqiqliyi ilə​ yanaşılır. Cəmilə adlı bir gənc qadının yaşantıları fonunda əslində Böyük Vətən Müharibəsi illərində qırğız aulunda arxa cəbhədə cərəyan edən hadisələrdən doğan bir çox həqiqətlər, çətinliklər tam çılpaqlığı​ və mürəkkəbliyi ilə göstərilir", – deyə Ə.Lalayev tamaşanın ideya istiqaməti barədə fikirlərini belə bildirib.

Quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri – Əməkdar artistlər​ Zakir ​və Yelena Ağayevlər, musiqi tərtibatçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşov olan tamaşada rolları Əməkdar artistlər – Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar – Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.

Qeyd edək ki, balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti – Qomuz vasitəsilə həmin xalqa məxsus etnik musiqilər səsləndiriləcək.