BAKI, 12 fevral — Sputnik. Bu il keçiriləcək futbol üzrə Avropa çempionatı ilə əlaqədar Bakıya 200 min xarici qonağın gələcəyi gözlənilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti - baş katibi Elxan Məmmədov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı tədbirdə çıxışı zamanı deyib.
O, AVRO-2020-nin A qrupunda yer alan Türkiyə, Uels və İsveçrə millilərinin baza kimi Bakını seçdiyini söyləyib. E.Məmmədovun sözlərinə görə, bu isə hər üç komandanın ən azı 10 gün Azərbaycan paytaxtında qalacağı deməkdir.