Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 12 fevral — Sputnik. Mehriban Ələkbərzadə tək-tük rejissorlardandır ki, üç ağır sahədə teatr, kino və televiziyada öz dəsti-xətti var. Tamaşaçılara daha çox sənədli filmləri ilə tanınsa da, tamaşaları ilə məncə daha çox SÖZ deməyi bacarıb. Böyük həvəslə onun hazırladığı son tamaşaya getdim. Fikirləşdiyimdən fərqli heç nə olmadı. O, yenə də təəccübləndirməyi bacardı. Elə müsahibəyə də Mehriban xanımın fərqli yozumda hazırladığı son tamaşası - "Mənəm... mən" haqqında fikir yazmaqla başlamaq istədim. Yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış səhnə əsərində rejissor hər birimizin Nəsimi olduğunu açıq-aydın göstərə bilib. Şairin heç də illər boyu bizə təqdim edilən kimi yox, əksinə Tanrını, yazdığı şeirlər vasitəsilə açmasını bizə verir. Rejissor, dərin psixoloji məna daşıyan hər bir sətiri bizə su kimi rahat "içirir". Tamaşada rol alan aktyorlar, rejissorun nə demək istədiyini, düşüncələrini və tamaşanın ideya yükünü cümlə-cümlə, söz-söz, hərf-hərf çatdırır.
Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edirlər. Bütün tamaşa boyu Seyid Əli obrazı (Ziya Ağa) özü ilə mübarizə aparır. Hissi ilə beyin arasında sanki savaş gedir. Ümumiyyətlə mənə görə, tamaşada rejissor nəyinki Nəsimini bizə aşılayır, həmçinin dünya yaranandan daim qarşı-qarşıya dayanan – ağ və qara, xeyir və şər, doğru və səhv, yaxşı və pis, susmaq və danışmaq kimi iki fərqi də nümayiş etdirməyi bacarıb.
Növbəti dəfə Mehriban Ələkbərzadənin ruh adamı olduğunu özümdə isbat etdim. Bu tamaşaya isə baxmağı şiddətlə tövsiyə edirəm. Mütləq və mütləq...
Xanım rejissorla söhbətə uğur haqqında sualla başladıq.
- Siz kino, televiziya və teatrda uzun müddət fəaliyyət göstərmisiniz. Hər üç sahədə uğur qazanmaq nə dərəcədə realdır?
- Uğur qazanmaq... Belə bir fikir var ki, İNSANın üsyanı - Allahın vəd etdiyi və insanın fəaliyyətlə (savaşla) əldə edəcəyi cənnət naminədir. Üsyan edən insan (daim fəaliyyətlə olub, müxtəlif cəhdlərdə olmaq) HƏYATı yox, həyatın mənasını istəyir. Mənim üçün də bu müxtəlif cəhdlər özümü ifadə və həyatın mənası naminə idi. Nə isə əldə edirəmsə, demək məqsədimə yaxınlaşıram. Fəaliyyət məsələsi isə... Bu üç sahənin hər üçü heç də paralel inkişaf mərhələsi keçmədi. Burada müəyyən ardıcıllıq var idi. İlk diplom işimdən sonra bir sıra tamaşalar (əsasən televiziya tamaşaları) hazırladım. Düşünürəm ki, zamanı üçün hadisəyə çevrilən tamaşalar idi. Daha sonra məni tarixi sənədli filmlər daha çox cəlb etdi. Bu mənim televiziya fəaliyyətimdəki əbədi və əzəli missiyamı müəyyən etdi. Mən tarixi sənədli araşdırma filmlərim üzərində illərlə işləyirdim. Məsələn, "Qırmızı terror və ya Mircəfər Bağırov" filmi üzərində düz 8 il işlədim və filmi bitirib "Azərbaycan xanlıqları" filminə keçməmiş mənə bir il simvolik mənada "fasilə" lazım idi. Mən tarixi araşdırma fəaliyyətimə ara vermək üçün bir başqa ampulada proqram işləməyi düşündüm və beləliklə "PersonA" yarandı. Təbii ki, mənim televiziya fəaliyyətimdəki missiyam "PersonA" deyildi. Amma deyim ki, bu proqramlar daha kütləvi, daha populyar oldu. Mənim mənə bəlli məqsədim isə tarixi araşdırmaya fokuslanmış filmlər idi... Repressiya illəri, Azərbaycan xanlıqları dövrü, tariximizdə taleyüklü hadisə və illərin araşdırılması idi. "Dünən , Bu gün, Sabah"..." Tarixin bir günü - Bir günün Tarixi" ..."13 Dəqiqə". Məram isə daha çox unudulmuş, öyrənilməmiş tarixə qayıdış... nəfəs almaq ehtiyacından doğurdu. Bir az qeyri təvəzükar görünsə də, mən tarixi filmlərdə özümü ifadə etməyi bacardım. Mən müəllif proqramlarını Azərbaycan televiziyasında gündəmə gətirdim. Bu bir növ bilgi verən, maarifçi kanal missiyasını yerinə yetirirdi. 10-15 tarixi kitab oxuyaraq əxs etməli olduğun məlumatı mənim çəkdiyim bir filmlə əldə etmək olardı. Hətta bir arada Maarif Nazirliyi (indiki Təhsil Nazirliyi - red.) tərəfindən bu fimlər orta təhsil məktəbləri üçün əyani dərs vəsaiti kimi tövsiyə edildi. Bu da mənim ən əsas məqsədim idi.
Bilirsiniz, dünyada ən güclü müharibə ideoloji müharibədir. Düşmənə savaş meydanında qalib gəlmək üçün mütləq ideoloji hazırlıq olmalıdır. Bunun içində istər tarixi biliklər olsun, istər maarifçilik, istər vətəndaş tərbiyəsi ... qalib gəlmək üçün kamil vətənpərvər yetişdirmək – sadaladıqlarımı bir arada həll etmək çətin məsələdir. Həmin dövrdə televiziyalarda maarifçi nəfəslik var idi. Bütün TV kanallarında bu proses gedirdi. Təəssüf ki, indi belə deyil. Əsas odur ki, mən o illərə bir şərəfli keçmiş kimi baxa bilirəm. Müəyyən bir dövr gəldi, dedilər keçin şou proqramlara. İstənilən halda şounun öndə olmalı olduğunu söylədilər. Mən o vaxt maarifçilik departamentinin direktoru idim. Mənim bir ziyalı kimi yaradıcılığımın əsas qayəsi maarifləndirmə idi. Təbii ki, belə olan təqdirdə mənim TV-də özümüifadəm mümkünsüz idi. Bayaq dediyim "ÜSYAN"dan kənar fəaliyyət idi. Bu gün bu gərəkdir - tələbinə görə özümü dəyişə bilməzdim. Belə bir ərəfədə AzTV-dən dəvət gəldi. Mən 5 redaksiyanın birləşmiş MAARİFÇİLİK studiyasını yaratdım. Müəyyən işlər planlaşdırıldı... Ora bu missiya ilə getdim. Mənim "Hərbi proqramlar və Təhsil redaksiyası" ilə bağlı şəffaf və dürüst mövqeyim top tüfənglə qarşılandı. Çox bir az sonra bəlli oldu ki, bu işlər elə də rəhbərliyin ürəyincə deyil. Mənim ümidlənməyim və planlarım fiaskoya uğradı. Mən TV daxilində çoxsaylı çirkin oyunlardan diksinmişdim. Mövqeyimi dəyişməyəcəyimə əminliyimdən televiziya fəaliyyətimə son qoydum. Çox böyük və faydalı işlər görməli olduğumuz halda, başqa havalar oxunulurdu. Bilirsiniz, Azərbaycan bütün tarixi boyu fəxr ediləcək ən şərəfli tarixi məqamını müstəqillik dövrünü yaşayır. Bu xalq öz layiqli vətəndaşını yetişdirməlidir. İstənilən ideoloji savaşa hazır olmalıdır.
Fikir verin... nə zamansa maarifpərvər ziyalılar, düşüncə adamları mədəni siyasi baxımdan cəmiyyətin, millətin inkişafını sürətləndirmək istəyir... Daha tez bu inkişafı təmin etməyə meyllənib, o zaman Teatr və TV-nin ( KİV) gücündən bəhrələniblər. Ən kütləvi təbliğat və təşviqat işi TV ilə, KİV ilə mütləqləşir. Təbii ki, paralel olaraq televiziyanın şousu da olmalıdır, əyləncəsi də. Tarixi filmləri də, serialları da, sitkomu da. Amma məqsəd bəlli olanda balans da ona uyğunlaşır. Bizdə balans belə müəyyən olundu....
- Və yenidən teatra qayıtdınız.
- Qayıtdım....Teatr bir göstərmə sənətidir. Teatr cəmiyyətin psixologiyasına xitab etməyin ən rahat və ən təsirli yoludur. Teatr gerçək həyatdan fərqli təxəyyüllə, rejissor interpretasiyası ilə təqdim edilən dünya ilə yaxından təmas qurmaq üçün yeganə məkandır. Teatr insan təxəyyülü çərçivəsindən baxmaq deməkdir. Aristotel teatrı, həmçinin daha müasir, daha fərqli, başqa müstəvili dünyaları ancaq teatrda görmək olar.
- Teatrda hansı missiyanı həyata keçirirsiniz?
- Teatr daimi yaradıcılq məkanıdır. Müasir teatr - həyatilik illüziyası yaratmaqdan çox, onu həyatdan qopartmaq, spesifik düşüncə yanaşmasından ayırmaq - gördüyü həyatı... yenidən qəbul etdirmək işini görməlidir. Teatrda... təxəyyül və təsəvvürdən doğulan dünyalar yaradılır. Teatr maarifləndirməni də yaradıcı formada təlqin edir. Dediklərim ənənəvi teatr missiyasından fərqlənir... Bir vaxtlar belə bir fikir vardı ki, teatr real həyatdan bir pillə yuxarıdır. Biz o hədəfə doğru getməliyik. Sosialist realizminin ideoloqları fikirləşirdilər ki, sovet vətəndaşını məhz bu yolla yetişdirməlidirlər. Ona görə də səhnədə ideal dünya göstərərək, insanları ox işarəsi ilə ora yönəldirdilər. Müsbət qəhrəman, müsbət sovet insanı təlqini mütləqliyi vardı. Müəyyən dövrdən sonra anladıq ki, sənət geniş kütlə üçün deyil. Sənət elə sənət üçündür. Bu o demək deyil ki, müasir teatr insanları gerçəklikdən qoparıb başqa səmtə yönəltməlidir. Sadəcə olaraq insanlara təxəyyülündə olduqları həyatı, təssəvvür və təxəyyüllərin azadlığını, insan ayağı dəymədiyi dünyalarda ola bilmək həzzi də verə bilən məkandır. İnsanı dərk edilmiş dünyanın dərk edilməyən insan dünyaları ilə təəccübləndirmək, onu daha mürəkkəb, daha izahedilməz insan psixologiyaları ilə tanış etməkdir. Müasir teatr budur. Dünyanı fərqli qatlardan dərk etmək. Bu səbəbdən ənənəvi teatr bu ehtiyacı tam ödəyə bilmir. İnsan yaşantılarına fokuslanan teatr (klassik üslub) yeni insan modelinə hesablanmayıb. Amma istənilən halda, teatr təxəyyüllə pərvaz etmək məcburiyyətindədir. Biz bir başqa dünyaları da başqa ölçülərlə dərk etmək, hiss etmək istəyirik. Bu modern teatrdır. Avanqard forma və üslublara açıq olmaq mütləqdir. Ənənəvi teatrdan imtina anlamına gəlmir bu sonuc. Mən 15-20 il Akademik Milli Dram teatrında çalışmışam. Orada klassik teatr üslübunda fəaliyyət göstərmişəm. Son 3-4 ildə isə müasir teatrı özündə ehtiva edən "YUĞ" teatrındayam. Missiya dəyişmir. Mən rejissoram.
- Mehriban xanım, sizin yaradıclığınıza nəzər saldıqda bir əsərə bir neçə dəfə müraciət etdiyinizi görürük. Əsər tapılmır, ya zərurətdən doğur?
- Çox az əsərlər var ki, rejissor ona bir yox, iki dəfə müraciət etsin. Bu əsərin gücündən və bir də rejissorun dünyanı bir başqa cür tanımaq tələbindən doğur. Zaman dəyişdikcə hansısa mühüm "hadisə" bir başqa cür oxunmaq mütləqliyi yaradır. Və bir də... özündə hansısa qatları tapan rejissorun fərqli interpretasiyada söz demək istəyi ilə bağlıdır. Elə əsərlər var ki, 10 ildən bir o əsərlərə bir də baxmaq istəyirəm.
- Hansı əsərə?
- Məsələn ... "Əmir Teymur". Bu əsərdə hələ bitməmiş dava, qovğa var. Hüseyn Cavid yaradıcılığında Turan ideologiyasının özülü dayanır. Onun əsərləri zamanın nəbzi ilə nəfəs alır. C.Cabbarlının əsərlərini məmnuniyyətlə hazırlamaq istərdim. Sovet dövründə "Almaz" əsəri bir başqa məqsədlərə, suallara cavab verirdisə, bu gün tam fərqlidir.
- Sizin fikirlərinizdən bəlli olur ki, əsər zamanla səsləşir. Deməli, cəmiyyət dəyişmir?
- Əksinə, cəmiyyət dəyişir. Biz zamana yox, cəmiyyətə işləyirik axı. Cəmiyyətin psixologiyası çox sürətlə dəyişir. Zaman onsuz da bəlli sürətlə hərəkətdədir. Biz hər zaman deyirik ki, zaman dəyişir. Yox... Dəyişən insandır. Zaman şərtlərini də insan müəyyən edir. Zaman heç zaman gəlmir, zaman elə hey gedir. Bu gələn və uzaqlaşan zaman fonunda insan təbii ki, dəyişir.
XXl əsr sürət əsridir. Bu gün yanında dayandığın bir şey göz qırpımında səndən uzaqlaşır. Ya sən bayaq durduğun yerdən sürətlə uzaqlaşmağa vadar olursan. Her şeyin zamanla axdığı bir vəziyyətdə sən orta əsrlərə aid bir düşüncəyə müraciət edirsən. Orta əsr - bəşəriyyət tarixinin ən maraqlı dövrünə. Bütün dini inkişafın yekunlaşdığı, insan əqidələrinin möhkəmləndiyi, şüursuz müharibələrin səbəbli savaşlara çevrildiyi, mədəniyyətlərin ayrılması prosesinin başa çatdığı bir zamana müraciət etmək - əslində ÖZ varlığını zamana qurban verməmək üçün başqa bir konsepsiya tapmaq deməkdir. Müasir insan müasir zamanla axmaq deməkdir - bunu unutmadan.
- Amma həmin əsərləri bu günə uyğunlaşdırmaq da olar.
- Təbii. Elə mənim işim də odur ki, baxışları yeniləyim. XX yüzillik sivilizasiyasının təsiri ilə hər şeyə metaforik baxış formalaşdı. Realizmə üsyan, çeşidli düşüncə tərzləri, yeni düşüncələrə cəhd...
Bəlli, klassik modellərə şübhəli baxış, modern yanaşma. Bu müasir teatrın ən qaçılmaz məqamıdır. Bəzən deyirlər bugünkü teatr bizi qane etmir. Müəyyən mənada bu fikirdə haqq var. İntellektual tamaşaçını qınamaq mümkün deyil. Məhz onlar baxış yeniliyi istəyirlər. Bu düşüncələrdə inqilab deməkdir. Bu inqilaba görə birdən-birə baş sığallanmayacaq, qəbul olunmayacaq. Dünya indi başqa teatrla nəfəs alır. Artıq tamaşaçının hiss və həyacanına yox, birbaşa beyninə, ağlına xidmət etməliyik.
- Dünya teatrı ilə ayaqlaşa bilmirik?
- Demək olar ki, yox. Mən ötən il dünya turnesi kimi Tehrana, Ufaya, Füceyraya, Dehliyə, Kazana getdim. Baxmayaraq ki, Ufa və Kazan keçmiş sovet məkanın ən teatral şəhərləridir, məni daha çox Tehran heyran etdi. Orada gördüyüm teatrı adlarını çəkdiyim şəhərlərdə görmədim. "Vəhdət" teatrında oldum. "Oliver Tvist" tamaşasına baxdım. Bu muziklda 200-ə yaxın iştirakçı var idi. Səhnəyə kulislərdən 2.5 metrlik lyukdan 3 metrlik, ştanqetdən 2 metrlik dekorasiya daxil olurdu. İşıq tərtibatından heç bəhs etmək istəmirəm. Bunu təsəvvür etmək belə çətindi. Teatr rəssamının işini görəndə paxıllıqdan ağrıyırsan. Bizdə teatr rəssamları sadəcə eskiz çəkir atır. Olsa belə...rəssamın təklif etdiyi modelin texnologiyasını həyata keçirəcək işçilər yox dərəcəsindədir. Teatrın quruluş hissə müdirləri bu vəziyyətdən birtəhər çıxış axtarırlar. Bu da ən yaxşı halda. Düzdür, ölkə başçısı, cənab prezidentimiz mümkün olan yardımları edir. Son qərarları ilə teatrda çalışan ordunun maaşlarını artırır, sənət adamlarına yardımlar edir. Böyük jestdir. Ümid var ki, teatra fokuslanmış bu qayğı teatrın texniki təchizatına da hesablanacaq. Hindistanda hazırlanan tamaşalar yetəri səviyyədə deyil. Bizim bəlkə də 30 il əvvəlki teatr mərhələmizdədirlər. Amma teatr texnalogiyası mükəmməldir. Müasir teatr üçün bunlar birinci yerdə duran məsələdir. Tamaşaçını teatra gətirəndə mən onları salona dəvət etməliyəm. Mən "dejurnı" işıq altında tamaşa göstərməməliyəm. Tamaşada hər şey aktyor oyunu, rejissor baxışı ilə yekunlaşmır axı. Çəkmək istədiyin tabloda texniki təchizat bu gün mütləqdir. 3D formatına həsrətik... Dünya 6D formatında işləyir.
- Vaxtilə Akademik Milli Dram teatrında maraqlı tamaşalar oldu. Bir-birinin ardınca "Qatarın altına atılan qadın", "Uçqun", "Yaşlı xanımın gəlişi", "Teleskop" və s. sanki bir zəncirin halqaları idi. Hər birinin də müxtəlif auditoriyası var idi. Nə baş verdi?
- Bəhs etdiyiniz gözəl bir dövr idi. İsrafil İsrafilovun direktor olduğu zamana təsadüf edirdi. Müxtəlif rejissorlar, müxtəlif əsərlər... Bu uğurlu repertuar siyasəti idi. Adlarını çəkdiyiniz tamaşaların çox gözəl tamaşaçısı var idi. Mənim hazırladığım "Qatil" tamaşasına hətta Almaniyadan gəlib baxırdılar ...istər "Qatar altına atılan qadın", istər "Əmir Teymur"... söylədiyiniz tamaşalar... Zaman keçdi. Rəhbərlik dəyişdi. Teatra baş rejissor gəldi. Və vəziyyət dəyişdi. Anlayıram...Onun öz teatr konsepsiyası var. Onun öz teatr baxışı var. O düşünür ki, yeni teatr - öz teatrını yaradacaq. Bu səbəbdən də, ona qədər olan tamaşalar onun interpretasiyasında hazırlanan, qurulan, təyin edilən teatrın repertuarına uyğun deyil. Buna görə də bu tamaşalar repertuardan çıxarıldı. Bu labüdlükdür. Bədii rəhbər rejissor olanda bütün tamaşalarda öz üslubunu görmək istəyir. Amma mən də baş rejissoram... lakin heç bir baxış bucağını rədd etmirəm. Əksinə, düşünürəm ki, bu rəngarənglik işə daha doğrudur. Tamaşaçı zövqünün müxtəlifliyinə xidmət edir. Yəni kiməsə "beynindəkini at və mənim kimi düşün, dünyanı mənim kimi görməlisən" demək olmaz. Rejissor sənətində bu heç mümkün deyil. Hər birimiz öz təxəyyülümüzün arxasındakı qədərik. Onun cızdığı formadayıq. Mən mühakimə etməkdən uzağam. Mədəniyyət siyasəti deyilən bir mövqe var. Bu siyasəti dəyişmək istəyən insanlar teatrı yeni konsepsiyada görmək istəyir. Amma istənilən halda.... Təəsüf... Sadaladığınız bu tamaşalar şəxsiyyətin formalaşması və müxtəlif zövqlərin formalaşması üçün hər biri töhfə idi.
- Bir az da əvəlki dövrə qayıdaq rejissor ştatında 6 rejissor var idi. Sizcə bu rejissor çələngini dağıtmaq lazım idi?
- Mənim fikrimi bilmək istəyirsinizsə, yox. Teatrın sabahı naminə ən azı üç rejissor qalmalı idi. Amma bu yükü təkcə Azərpaşa müəllim öz çiyinlərinə götürdü. Bəlli dövrdən bəhs ediriksə... O zaman o teatrın (hazırlanan tamaşalar baxımından) ən məhsuldar rejissorları Bəhram Osmanov və mən idim. İndi o, Gənc Tamaşaçılar teatrının baş rejissorudur, mən isə "YUĞ" teatrının. İstənilən halda Akademik Milli Dram Teatrı ana teatr olmaqda davam edir. Mən peşman deyiləm. Mədəniyyət siyasətimizin cavabdehi hörmətli nazirimiz Əbülfəs Qarayevin tövsiyəsi və qərarı ilə mən artıq dağılmaqda olan teatra gəldim. Təbii ki, mən vəzifəmin məsuliyyətini dərk etdim və onu ləyaqətlə yerinə yetirməyə başladım. Bu teatrı ayaq üstə qaldırmaq, yeni repertuar siyasətini qurmaq, uzaqlaşmış tamaşaçıları yenidən bu teatra yönəltmək də çətin, olduqca çətin işdir. Yaxşı ki, bunu da etdim, bunu bacardım. 30 illik yubileydə də bunu sərgilədik. Sağ olsun Əbülfəs müəllim də bu dəyişməni gördü və qiymətləndirdi. Bütün bunlar yaxşı... Amma arzum yenə də ANA teatrdır. Mən böyük səhnədə quruluşlar vermək, özümü bir rejissor kimi daha böyük miqyasda təcəssüm etdirmək istəyirəm. Mən geniş məkan istəyirəm.
- Sizin Sumqayıtla bağlılığınız var. Hətta orada vaxtilə baş vermiş çörək inqilabından bəhs edən film də hazırlamısınız. Bayaq savaş dediniz. Adətən sumqayıtlılar inqilabçı olur. Sizə nə əcəb sirayət etmiyib bu xüsusiyyət?
- (Gülür) İnqilabı harda edəydim? Mədəniyyət siyasətini düşünən nazirlik var. Siz Akademik Milli Teatrı nəzərdə tutursunuz? Savaşı kimlə etmək lazımdır? Nazirliklə? Bizim inqilabımız tamaşada ola bilər... Baxış bucağımızın fərqliliyində ola bilər. Çılğınlıqla, partizanlıqla nəsə əldə etmək olar. Amma əldə saxlamaq olmaz. Bilirsiniz yaş və ağıl sənə pıçıldayır ki, əbəsdir.
- Siz partizanlıq edirsiniz?
- Mənim fikrimcə, bu gün ədalətin bərpası üçün bəzən möcüzə gərək olur. Partizanlıq "Don Kixot"luğa bərabər olursa, xeyr partizanlıq etmirəm. İki vur iki dörd edir. Mən ora sərf edəcəyim enerjini yeni özümüifadəyə- tamaşaya sərf edərəm. Bu partizan savaşı uğursuz balıqçının uğursuz ovuna bənzəyir.
- Yeni ildə teatrınızda hansı yeniliklər var?
- Bu il həm klassik əsərlərə, daha yeni dramaturgiya nümunələrinə müraciətimiz var. Adlarını sadalamaq istəmirəm. Çox maraqlı repertuarımız olacaq 2020-də. Bizim teatrda maraqlı truppa... istedadlı rejissorlar çalışır. Bu səbəbdən fərqli quruluşlar da vəd edirik. Şekspir deyirdi ki: "Teatr insanı insana bağlamaq, insanla insancasına danışmaq sənətidir". Əgər siz də bu teatrı görmək istəyirsinizsə, sizləri "YUĞ" teatrına dəvət edirəm. Dünyanı, insanı fərqli rakursdan görmək istəyən hər kəsi "YUĞ"a dəvət edirəm!