CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanımızı soranları xaricə göndərəcəyik – Qoy indi onların qanını içsinlər

"Bir fermer öz təsərrüfatında ildə 1 milyon zəli yetişdirə bilər. Dünya bazarında pərakəndə satış üzrə zəlinin 1 ədədi təxminən 3-6 avroyadır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Azərbaycan tibbi zəlilərin ixracını artırmaq istəyir. 

Zəli gölündə zəlil vəziyyət – Amma yenə də günahkarlar yoxdur
Sputnik Azərbaycan-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib ki, tibbi zəli ilə bağlı ixracın artacağı gözlənilir: "Hazırda bir neçə region sırf bu fəaliyyətini genişləndirib".

Qeyd edək ki, Azərbaycanda hirudoterapiyanın özünəməxsus ənənələri var. Təsadüfi deyil ki, keçmiş Sovet İttifaqı ərazisində tibb zəlisinin əsas tədarükçüsü də məhz Azərbaycan olub. 1970-ci illərdə respublikamızda hər il orta hesabla 1,5 milyon tibb zəlisi tədarük edilərək ixrac olunub. Hazırkı dövrdə zəlilərlə müalicə və onlardan alınan kimyəvi, kosmetik, farmakoloji və s. məhsulların tətbiq sahələri durmadan artır. Bu baxımdan zəlilərə olan tələbatın da böyük sürətlə artdığı müşahidə olunur. Ölkəmizdə təbii şəraitdə tibb zəlisinin inkişafı üçün əlverişli şərait mövcuddur.

Azərbaycandan İrana daşınan canlı: Qadınlar onu bədənlərində keçirirlər

Ölkəmizdə zəli istehsalı və ixracı ilə bağlı ekoloq Samir İsayev Sputnik Azərbaycan-a açıqlamasında, deyib ki, Azərbaycanda təbii zəli ehtiyatı var, lakin bu ehtiyatı tükətmək lazım deyil: "Bu gün Azərbaycanda əsasən Mil-Muğan bölgəsində zəli yetişdirmə ilə məşğul olan sahibkarlar var və kifayət qədər uğurlar da əldə edirlər. Ölkəmizin bütün bölgələrində var, amma Mil-Muğan bölgəsi artıq ixtisaslaşıb. Zəli təsərrüfatlarda yetişdirilsə və ixrac olunsa, Azərbaycan bazarda kifayət qədər uğurlu yer tuta bilər. Zəli xarici bazarlarda kifayət qədər çox qiymətli məhsuldur. Azərbaycan bunun satışından əhəmiyyətli valyuta əldə edə bilər. Lakin bu, ətraf mühitin hesabına olmamalıdır".

O bildirib ki, ilkin olaraq ətraf mühitdən ana zəlilər götürülməklə təsərrüfatlarda yetişdirilən zəlilərin xaricə ixracını təşkil etmək lazımdır: "Təbiətdən zəli götürüb xaricə satmaq lazım deyil, əgər belə etsək, bir neçə ilə ölkədə zəlinin kökünü kəsə bilərik. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazə verdiyi həddə və yerlərdən ilkin olaraq zəli yetişdirmək üçün ana zəliləri təbiətdən götürmək olar. Sonra isə sahibkar zəli təsərrüfatı yaradıb yetişdirdiyi məhsulları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi ilə xaricə sata bilər. Bu, normal haldır".

"Amma zəlini təbiətdən götürüb “valyuta gətirəcək” deyə xaricə satmaq olmaz. Yalnız təsərrüfatlarda istehsal olunan zəlilər satılmalıdır. Dayanıqlı şəkildə çoxlu zəli təsərrüfatları yaratmaq və bu sahədə sahibkarlığa dəstək vermək lazımdır. Zəlinin ana vətəni məhz Qafqazdır və keyfiyyətli zəli burada çoxluq təşkil edir. Zəli yetişdirmək çətin deyil, çox sadə təsərrüfatdır. Bir fermer öz təsərrüfatında ildə 1 milyon zəli yetişdirə bilər. Dünya bazarında pərakəndə satış üzrə zəlinin 1 ədədi təxminən 3-6 avroyadır", – deyə ekoloq bildirib.

Qanımızı halal etdiyimiz yeganə qaniçən

Qeyd edək ki, qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə ediblər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur. Zəlinin kompleks müalicə effekti var. Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri (ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s.) müalicə etmək mümkündür. Zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik müalicə üsullarından biri sayılır. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin də müalicəsində zəli ən təsirli “tibbi vasitədir".

Hirudoterapiya kosmetologiyada da istifadə olunur. Onkoloji xəstəliyi, anemiya, tuberkulyoz xəstəlikləri və zəli fermentlərinə qarşı allergik reaksiyaları olan insanlar hirudoterapiyadan istifadə edə bilməz.