BAKI, 9 fevral — Sputnik. Saat 08.00-dan 14.00-dək növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə 4 müraciət daxil olub.
Mətbuat Şurasından Sputnik Azərbaycan-a məlumat verilib ki, müraciətlərdən 3-ü 57 saylı Kürdəmir seçki dairəsinin 3, 5 və 20 saylı məntəqələri ilə bağlıdır. 1 müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılıb, problemlər aradan qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasında bu gün keçirilən növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün "qaynar xətt" təşkil olunub. Belə ki, qurumun (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri saat 08.00-dan 19.00-dək bu rejimdə işləməkdədir.
MŞ həmçinin kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin monitorinqini də aparır. Şuranın İdarə Heyətinin üzvləri bu məqsədlə ölkəmizin müxtəlif bölgələrindəki, habelə paytaxt Bakıdakı seçki dairə və məntəqələrində olacaq, prosesi bilavasitə izləyirlər. Onlar prosesi işıqlandıran KİV təmsilçilərinə normal şəraitin yaradıldığını qeydə alıblar, heç bir maneə olmayıb.