BAKI, 9 fevral — Sputnik. Bu gün Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilir.
Sputnik Azərbaycan bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir. Onun sözlərinə görə, parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib: “Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir”.
Namizədliyi qeydə alınan 246 namizəd siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün 122 nəfərin namizədliyini irəli sürüb. Müsavat Partiyası tərəfindən 23, Ümid Partiyası tərəfindən 19, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 13 nəfər, Vahid Azərbaycan Partiyası tərəfindən 12 nəfərin namizədliyi irəli sürülüb.
Namizədlərdən 1057-si öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.
M.Pənahov bildirib ki, parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək. O qeyd edib ki, səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.
MSK sədri həmçinin bildirib ki, bu gün 5 milyon 329 min 460 seçici səs verəcək. Bunlardan 340689-u məcburi köçkündür, onlar 573 məntəqədə səs verəcəklər.
İlk dəfə səs verəcək vətəndaşların sayı 6189 nəfərdir. 99 nəfərin 18 yaşı isə səsvermə günü tamam olacaq. Ən yaşlı seçicinin 126 yaşı var. Bu, Səmərqənd Allahverdiyevadır. Ən yaşlı kişi seçici isə Şahverdi Əhmədovdur. Onun 108 yaşı var.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77 790 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 35152-si siyasi partiyaların müşahidəçiləridir. 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, bunlar 58 ölkənin vətəndaşlarıdır.
Seçkiləri 132 beynəlxalq KİV təmsilçisi yayımlayacaq. Buraya ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrin media təmsilçiləri daxildir.